Güləşçilərimizdən ilk yarış günündə 1 qızıl və 3 gümüş medal

ESTAFET/ Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir.

 

Turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 3 gümüş medalla başa vurub.

 

Sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda güləşçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşıb.

 

Aslanbek Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kyle Şnayderi mübarizədən kənarlaşdırıb. Final görüşünü də tam üstünlüklə başa vuran Aslanbek Alborov turnirin qızıl medalını qazanıb.

 

Finalda mübarizə aparan Əli Rəhimzadə (65 kq) və Murad Süleymanov (86 kq) isə həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib.

 

Qadın güləşçilərin mübarizəsində isə 65 kq-da təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də bürünc medal görüşünə çıxan Elis Manolovanın rəqibi Ukrayna idmançısı olub. Hər iki güləşçimiz görüşü məğlub başa vurub. İrina Netreba gümüş medalla kifayətlənib, Elis Manolova isə turniri 5-ci sırada tamamlayıb.  

Müəllif: Orxan NOVRUZOV