"Hansı qəhrəmanımız varsa, qələbəni ona həsr edək": Qurban Qurbanov

ESTAFET/ "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubuyla cavab matçından sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə 3:0 hesabıyla qalib gələrək III təsnifat mərhələsinə çıxdıqları ev qarşılaşması haqda danışıb.

 

- İlk öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün oyunu daha da gözəlləşdirən onlar idi. Çox möhtəşəm azarkeşlik etdillər. Futbolçularımızı təbrik edirəm. Tam çalışdırlar ki, sonadək düzgün oynasınlar. Rəqibə uğurlar arzulayıram. Cavab matçında da bizə asan olmadı. İstənilən halda, qalib gələrək növbəti mərhələyə adladıq. Növbəti həftəki matça hazırlaşmağa az vaxtımız olacaq. BATE avrokuboklarda təcrübəli komandadı. Çalışacağıq ki. qarşıdakı 5 gündə yaxşı hazırlıq keçək.

 

- İnnosent Emeqara debüt matçında penaltini qaçırdı. Bu, ona psixoloji təsir etməyəcək ki?

- Hər bir oyundan əvvəl penalti müəllifi müəyyənləşdirilir. Sadəcə, matça 2 saat qalmışadək bilinmirdi ki, Dani oynayacaq, ya yox. Çünki səhər məşqində özünü narahat hiss edirdi. Emeqara penaltini rahat şəkildə vurmaq istədi və ona görə müdaxilə etmədim. Ancaq ikinci zərbədə bunu etməli oldum. Emeqara penaltini vurmayandan sonra soyuqqanlı oldu. Onunla penaltini vurmamaqla bağlı söhbətləşməyimə ehtiyac yoxdu. İnnosent optimal formasından uzaqdı. Çalışacağıq ki, yaxın vaxtda formasını bərpa etsin.

 

- BATE haqda hansı məlumatınız var?

- Açığı, heç bir məlumatım yoxdu. Bu oyun yekunlaşandan sonra diqqətimizi rəqibə yönəldirik. Bunu edərək futbolçularımıza düzgün məlumat çatdıracağıq. Bilirəm ki, bu gün səfərdə 2:0 hesabıya irəlidə idi və sonda 2:1 hesabıyla qalib gəldi.

 

- "Qarabağ"ın sabiq baş məşqçisi Allahverdi Bağırovun qəbri ermənilər tərəfindən dağıdılıb. Bu qələbəni həmin insanın xatirəsinə həsr etmək olar?

- Həsr etməkdə heç bir problem yoxdu. Sadəcə, dəfələrlə demişəm ki, düşüncəmiz, bütün məqsədimiz "Qarabağ" adını yüksəkdə saxlamaqdı. İlk dəfə qrupa düşəndə də qələbəni o insanlara, şəhidlərimizə həsr etmişdim. Belə qələbələrdən sonra qaçqın insanlar o zülmləri unudurlar. Hansı qəhrəmanımız varsa, qələbəni ona həsr edək. Oyunlara formanın üzərində şəhidlərimizin şəkilləriylə çıxmağa gəlincə, bu, böyük turnirdi. Bilmirəm, buna icazə verərlərmi. "Qarabağ"a bağlı insanların hər birini çox istəyirik, onlar qəlbimizdədi. Bu klub həmişə çalışır ki, onların hörmətini saxlayaq. İnşallah, qələbələrimizi qazanaq, onlar diqqətimizi görəcəklər. Böyük turnirdə kiçik bir şeyə də nəzarət olunur. Məsələni siyasiləşdriməyək, pillə-pillə irəli gedək. Qələbələrimizlə onların ruhu şad olacaq. Hər biri fəxrimizdi.

 

- Xeyli qol epizodu boşa verdiniz. Bunu nəylə əlaqələndirərdiniz?

- Vurmamaqla (gülür). Oyunun əvvəlində futbolçularda həyəcan vardı. Daha çox bununla bağlı idi. İnşallah, futbolçularımızda növbəti oyunlarda daha böyük məsuliyyət olacaq və həmin epizodlarda daha soyuqqanlı davranacaqlar.

 

- Mahir Mədətov oynadığı hücumda özünü göstərə bilmir, narahat hiss edir...

- Qol vurmamağa görə heç kimi tənqid etməmişəm. Mahirin qaçırdığı epizodlar əsasən hücumçuların epizodlarıdı. Mədətov belə epizodları oyunda 3-4 dəfə tapırsa, məni qane edir. Onun hərəkətlərində hücumçu olduğu hiss olunur. Futbolçu o haqda düşünməməlidi ki, qol vura bilmədi. Sadəcə, fərlqənə bilmədiyinə görə ruhdan düşdü. Qol vuramayandan sonra azarkeşlər, futbolçular onu daha çox alqışladılar.

 

- Qışadək transfer çalışmaları gözlənilir?

- Açığı, bu yöndə çalışmalarımız bitməyib. Axtarışdayıq, danışqılar gedir. Düşündüyümüz alınsa, yeni transfer görə bilərsiniz.

 

- Hansı xəttə?

- Açığı, hücum xəttinə. Yarımmüdafiə və hücuma da axtarışlarımız gedir.

 

- İslandiyalı qapıçı Hannes Halldorssonu "Qarabağ"a böyük ümidlərlə transfer etsəniz də, hazırda kölgədə qalıb...

- Belə demək düzgün deyil. İlk oyun idi ki, "18-liy"ə salmışdım. O, düşərgəmizə zədəli gəlmişdi. Qarşıdakı oyunda meydana çıxmaq ehtimalı var. Hər bir qapıçı mənim üçün dəyərlidi. Matçlarda rotasiya etmişik və hər birinin oynamaq ehtimalı var. Dəfələrlə demişəm ki, bu gün oynayanların sabah da əsas heyətdə yer almasına qarantiya yoxdu. Heyətimizdə dəyişiklər rəqibə görə də olur.

 

- Millidə müdafiənin mərkəzində problem son vaxtlar çox müzakirə olunur. Rəşad Sadıqovun qayıtmasının mümkünlüyü haqda danışırlar...

- 10 gün olar Ruslan Abışov zədələnib. Ölkədə mərkəz müdafiəçisi problemi var. Ruslan kimi oyunçunun zədələnməsi arzuolunmazdı. Rəşadı qaytarmaq haqda düşünməmişəm. O, milli karyerasını bitirib. Açıqlamasında deyib ki, çox vacib lazım olsa, qayıda bilər. Ancaq bu haqda söhbətimiz olmayıb.

 

- Qazon sıradan çıxıb. Bu, BATE-ylə ev matçında problem yarada bilərmi?

- 4 gün əvvəl daha pis idi. Dünən səhər bir az irəliləyiş vardı. İstilərə görə otun bəzi yerləri yanmışdı. Mütəxəssislər bizə deyiblər ki, növbəti ev matçımızadək minimum belə vəziyyətdə qalacaq. İstəməzdim ki, meydança pisləşsin, İnşallah, minumum belə vəziyyətdə olar.  

Müəllif: Orxan NOVRUZOV