GRAND PRIX TASHKENT-2016: İKİNCİ GÜN - İLK MEDAL RÜFƏTDƏN GƏLDİ
ESTAFET/ Xəbər verdiyimiz kimi Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə ənənəvi Qran-Pri yarışı start götürüb. Dünən, yarışların ilk günündə mübarizəyə qoşulan 4 cüdoçumuzdan heç biri mükafatçılar sırasında yer ala bilməmişdi. Bu gün daha 4 cüdoçumuz - Hidayət Heydərov, Müşfiq Usubov (hər ikisi 73 kq), Afiq Səfərli və Rüfət İsmayılov (hər ikisi 81 kq) tatamiyə çıxıblar.
73 kq çəki dərəcəsində güləşən Müşfiq Usubov ilk görüşdən məğlub olaraq mübarizəni dayandırıb. Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov yarışa 1/4 final mərhələsindən qoşulub. Burada o, yerli idmançı Sarvar Şomuradovu məğlub edərək yarımfinala adlayıb. Yarımfinalda Hidayət digər bir yerli idmançı - Qiyoscon Bobayevlə qarşılaşıb və bu dəfə məğlubiyyətdən qaça bilməyib. Bürünc medal uğrunda da özbək Muso Sobirov keçilməz olub və Hidayət yarışı medalsız başa vurub.
Rüfət İsmayılov 1/8 və 1/4 final mərhələsində ardıcıl olaraq, Sunnatulla Azimov (Özbəkistan) və Srdjan Mrvaljeviçi (Çernoqoriya) məğlub edərək yarımfinala yüksəlib. Burada Rüfət özbək cüdoçu Davlat Bobonovla görüşüb və tatamini məğlub tərk edib. 81 kq-dakı digər təmsilçimiz Afiq Səfərli mübarizəyə 1/4 finaldan qoşulub. Qazax Arman Maxambetova məğlub olan Afiq, təsəlliverici görüşdə özbək Şaxzodbek Sabirova qalib gələrək bürünc medal qazanmaq şansı qazanıb. Bürünc medal uğrundakı görüş isə kiçik Azərbaycan finalı olub. Belə ki, burada iki təmsilçimiz - Afiqlə Rüfət qarşılaşıblar. Daha güclü olan Rüfət komandamıza Daşkəndə ilk medalı qazandırıb.
73 kq
1/4 final: Hidayət Heydərov - Sarvar Şomurodov (Özbəkistan)
Yarımfinal: Hidayət Heydərov - Qiyoscon Bobayev (Özbəkistan)
III yer üçün: Hidayət Heydərov - Musa Sobirov (Özbəkistan)
1/8 final: Müşfiq Usubov - Mirzahid Fərmanov (Özbəkistan)
81 kq
1/4 final: Afiq Səfərli - Arman Maxambetov (Qazaxstan)
Təsəlliverici: Afiq Səfərli - Şaxzodbek Sabirov (Özbəkistan)
III yer üçün: Afiq Səfərli - Rüfət İsmayılov
1/8 final: Rüfət İsmayılov - Sunnatulla Azimov (Özbəkistan)
1/4 final: Rüfət İsmayılov - Srdjan Mrvaljeviç (Çernoqoriya)
Yarımfinal: Rüfət İsmayılov - Davlat Bobonov (Özbəkistan)
III yer üçün: Rüfət İsmayılov - Afiq Səfərli