"Zirə"nin yeni transferi üçün hər şey gözlədiyindən daha yaxşı olub

ESTAFET/ “Zirə”nin yeni transferi Dilan Doventru Qol.az saytına müsahibə verib. Fransalı yarımmüdafiəçi həm keçidindən, həm yeni komandasında gördüklərindən danışıb.

 

- “Zirə”yə keçidiniz necə alındı?

- “Zirə”nin mənimlə maraqlandığını eşitdim. Amma Azərbaycan haqqında elə də çox məlumatlı deyildim. Klubun, təmsil olunduğu şəhərin necə olmasını öyrənməli idim. Lazım olan məlumatları əldə etdikdən sonra “Zirə”yə keçməyə razılıq verdim.

 

- Təklif qəbul edərkən tərəddüd etdiniz? Özünüzün də dediyiniz kimi, Azərbaycan sizin üçün elə də tanış ölkə deyildi...

- Təklifə dərhal müsbət cavab vermədim. Əvvəlcə klub və ölkə barəsində müəyyən bilgilər topladım. Yalnız bundan sonra razılıq vertdim.

 

- Dediniz ki, müəyyən araşdırma aparıb, məlumat topladınız. Bilmək olarmı, sizi Azərbaycana gətirən başlıca amil nə oldu?

- Azərbaycanın gözəl və ailəm üçün təhlükəsiz bir ölkə olduğunu dedilər. Mənim üçün əsas olan bu idi.

 

- Artıq bir aya yaxındır “Zirə”nin düşərgəsindəsiniz. Yeni komandanızla bağlı fikirləriniz necədir?

- Hər şey təsəvvür etdiyimdən daha yaxşıdır. İnsanlar mehriban və qonaqpərvərdilər. O ki qaldı komandaya, təşkilatçılıq və iş şəraiti əladır. Bir sözlə, hər şey məni qane edir.

 

- Hazırlıqlar necə gedir? Komandaya uyğunlaşa bilirsiniz?

- Komandaya bir az gec qoşulduğum üçün ilk vaxtlar mənə bir az çətin oldu. Amma hazırlıq yüksək səviyyədə davam edir. Getdikcə formaya düşürəm. Komanda yoldaşlarım da mənə yaxından kömək edirlər.

 

- “Zirə”dən əvvəl 2 il Kipr çempionatında oynamısınız. Ötən mövsüm “Anortosis”in formasını geyinmiş Azərbaycan millisinin üzvü Araz Abdullayevi tanıyırsınız?

- Xeyr, onu tanımıram. 

Müəllif: Orxan NOVRUZOV