"Borisovda ağır oyun gözləyir": Aleksey Baqa
ESTAFET/ BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la ilk oyundan sonra mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablayır.
- Qələbədə həlledici amil nə oldu?
- İlk hissədə qol vurduq. Bundan sonra “Qarabağ” hesabı bərabərləşdirmək üçün hücuma keçməyə məcbur oldu. Bu da işimizə yaradı və qələbə hesabını qoruyub saxlaya bildik.
- Hesab qüvvələr nisbətini əks etdirdimi?
- Demək çətindir. “Qarabağ” ev komandası kimi təzyiqi artırdı, kəskin hücumlar qurdu. İkinci qolu vuraraq rəqibi daha çətin vəziyyətə sala bilərdik.
- Məşqçilik karyeranızda səfərdə qalib gələrək mərhələ adlamağınız olub?
- İndi yadımda deyil (gülür). Başım şişib, azarkeşlərin səsləri qulaqlarımı doldurub. BATE-nin tarixində ilk oyunda qalib gəlib mərhələ keçməmək olmayıb.
- Belarusdakı oyunda hesabı qorumaq haqda düşünəcəksiniz, yoxsa aqressiv oyunu davam etdirəcəksiniz?
- Hazılaşmağa hələ 1 həftə vaxtımız var. Futbolçuların durumundan çox şey asılı olacaq. Təbii ki, bizim üçün çox çətin olacaq. Çünki gərgin bir oyun keçib və bərpa olunmaq lazımdır.
- “Qarabağ” haqda ətraflı məlumat topladığınızı demişdiniz. Düşündüyünüz rəqib oynayırdı, yoxsa fərqli?
- Yoxlama oyunlarına da baxmışdıq, qrup mərhələsinə də. Bunlar isə bir-birindən fərlqənir. Baş məşqçi işi hiss olunur. Yaxşı heyəti, texniki futbolçuları var. Prinsipcə, hazırlaşdığımız, gözlədiyimiz “Qarabağ” idi.
- PSV nümayəndələrinin stadionda olduğu qeyd edilirdi. Bu gün bütün kartları göstərdinizmi?
- Hələ PSV haqda danışmaq çox erkəndir. Onların bura gəlişi bir şey demək deyil, çünki Borisovda ağır oyun gözləyir. Sadəcə, PSV hər iki komandanın Avropada artıq markaya çevrildiyini göstərir.