Çorluka rəsmən yığmadan ayrıldı

ESTAFET/ Rusiya "Lokomotiv"inin və Xorvatiya millisinin müdafiəçisi Vedran Çorluka milli karyerasını başa vurmaq haqda qərar qəbul edib. Bununla əlaqədar 32 yaşlı futbolçu rəsmi məlumat verib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytında futbolçunun müraciəti yayılıb:

 

"2002-ci ildə 16 yaşımda ilk dəfə milli komandanın formasını geyinərkən mən uşaq idim. Heç arzulamırdım ki, millidə oynamaq mənim futbol karyeramın və şəxsi həyatımın bir hissəsi olacaq. 145 oyundan, əsas millidə isə 103 oyundan sonra sağollaşmaq və hər kəsə təşəkkür etmək vaxtı gəldi. Bu illər ərzində millinin düşərgəsində olduğum insanlara təşəkkür edirəm. Ən yaxşı komandalara qarşı oynamaq mənim üçün şərəf idi, xüsusi təcrübə isə Rusiyada olan son dünya çempionatı oldu. Bu turnir mənə 16 ildə düşünə bilmədiyim emosiyalar verdi. Mən yığma komandamızın əbədi azarkeşi olacam. Xorvatiya hər şeydən üstündür".

Müəllif: Natiq NƏSİROV