Azərbaycan Çempionatı və Bakı Birinciliyi sona çatdı

ESTAFET/ Dünən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyinə yekun vurulub.

 

3 gün davam edən yarışlarda balacalar (2008-2010-cu il) alətsiz, top, halqa, yeniyetmələr (2006-2007-ci il) alətsiz, ip, top, gürzlər, gənclər (2003-2005-ci il) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında yer alan gimnastlar isə halqa, top, gürzlər və lent ilə çıxışlar nümayiş etdirdilər.

 

Balacalar və yeniyetmələr yaş kateqoriyasında çıxış edən qrup hərəkətləri komandaları isə alətsiz, top və lent ilə kompozisiyalar icra edərək, birincilik uğrunda yarışdılar.

 

Ümumilikdə 117 gimnastın təmsil etdiyi 8 klub arasında (Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə) çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (gənclər) nəticələrə əsasən, “Ocaq Sport” Klubu və Bakı Gimnastika Məktəbinin yetirmələri fəxri kürsüyə yüksələ bildilər.

Müəllif: Orxan NOVRUZOV