ENDİ MARREY: "BUNUN ÜÇÜN HƏR ŞEYİ EDƏCƏM"
ESTAFET/ Böyük Britaniya tennisçisi Endi Marrey Şanxayda (Çin) keçirilən "Masters 1000" turnirinin yekununda iddialı çıxış edib.
"Əlbəttə inanıram ki, ilk pilləyə yüksələcəm. Son aylar göstərdi ki, mən buna qadirəm. Gücüm daxilində olan hər bir şeyi edəcəm ki, buna nail olum, çünki bir daha belə şansım olmaya bilər. Mən hələ 2 və ya 3 turnirdə qaib gəlməliyəm, bu isə heç də asan deyil. Ancaq mən heç vaxt son aylardakı kimi uğurlu çıxış etməmişdim və ümid edirəm ki, bu ruhda da davam edə biləcəm. Əlbəttə, bu asan deyil. Uğur bir çox məqamdan asılı olacaq - həmçinin konsentrasiya və çıxışların cədvəlinə düşünülmüş yanaşmadan" - deyə ATP rəsmi saytına fikirlərini bildirib.
Xatırladaq ki, Endi "Şanxay Masters 1000" turnirinin finalında ispan Roberto Bautista-Aqut üzərində 2-0 (7-6, 6-1) hesablı qələbə qazanaraq, növbəti titulunu qazanıb. Hazırda ATP reytinqinə 10 600 xalla Novak Cokoviç başçılıq edir. 9 685 xala malik Endi ikinci pillədədi. İlk üçlüyü 5 060 xalla Stan Vavrinka (İsveçrə) qapayır.