İntizam Komitəsinin iclası keçirildi
ESTAFET/ Bu gün AFFA-nın inzibatı binasında İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
I Divizionun I turunun “Şüvəlan” – “Sumqayıt-2” matçının 36-cı dəqiqəsində “Sumqayıt-2” klubunun 6 №-li futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
I Divizionun I turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının III turunun “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunur (maddə 52).
Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).
I Divizionun II turunun “Qarabağ-2” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun II turunun “Neftçi-2” – “Sabah-2” matçının 66-cı dəqiqəsində “Sabah-2” klubunun məşqçisi Alim Qurbanov qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur(maddə 62).
I Divizionun II turunun “Keşlə-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.
Oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq Hakimlər Komitəsi və Hakim-İnspektorlar komitəsi lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.