"Vorskla"nın kapitanı "Qarabağ"ı asan rəqib saymır
ESTAFET/ Ukraynanın "Vorskla" klubunun kapitanı Vladimir Çesnokov Avropa Liqasının qrup mərhələsində püşkü dəyərləndirib. Təcrübəli müdafiəçi nəticələrdən çox razı olduğunu bildirib: "Səhərdən heç də yaxşı əhval-ruhiyyədə deyildim. Son anadək ümid edirdim ki, "Çernomorets"ə qarşı oynaya biləcəm. Ancaq arxa əzələ dartılması məni buraxmır və məşqçilərlə, həkimlərlə birgə bu matçdan kənarda qalmağı qərara aldıq. Ancaq biləndə ki, Avropa Liqasında "Arsenal"la qarşılaşacağıq, müsbət emosiyalarım dərhal artdı. Ümid edirəm ki, ev matçlarımız sonda Poltavada keçiriləcək və azarkeşlər üçün əsl bayram olacaq. Əminəm ki, onlar təkcə ingilislərlə yox, "Sportinq" və "Qarabağ"la matçlarımıza da bizi dəstəkləməyə gələcəklər. Bunlar da asan rəqiblər deyil".
30 yaşlı Çesnokov ilk dəfə ölkəmizə gələcəyini də diqqətə çatdırıb: "Lissabonda avrokuboklarda debütüm ola bilərdi. Ancaq onda - 9 il əvvəl "Benfika"yla matçda ehtiyatda idim. Cavab matçında çıxış etdim və "Vorskla" qalib gələ bildi. Buna görə də Portuqaliya futbolu haqda xatirələrim yaxşıdı. Azərbaycanda isə heç vaxt olmamışam, ancaq "Qarabağ"ın avrokuboklarda çıxışını bir az izləmişəm. Ümumilikdə, yaxşı püşkdü".
Onu da bildirək ki, karyerası yalnız "Vorskla"ya bağlı olan Vladimir 2006-cı ildən burda çıxış edir.