Danimarkada əsas milliyə futzalçılar dəvət olundu

ESTAFET/ Futbol üzrə Danimarka yığmasının üzvlərinin Futbolçular Birliyi ilə Futbol Federasiyası arasındakı qalmaqal böyüməkdə davam edir. Milli üzvlərinin, həmçinin məşqçilər korpusunun komandanı tərk etməsindən sonra DFF yeni futbolçu axtarışına çıxmışdı.

 

Artıq federasiya rəhbərliyi Slovakiya ilə yoxlama matçı və Uelsə qarşı keçiriləcək UEFA Millətlər Liqası oyununa kimləri çıxaracaqlarını müəyyənləşdiriblər. Belə ki, yığmaya aşağı liqalarda çıxış edən futbolçular və Danimarkanın futzal yığmasının üzvləri cəlb olunublar. Alternativ yığmada yer alan 23 futbolçudan 6-sı məhz futsal millisindən gətirilib.

 

Yaranmış durumla əlaqədar millini çalışdırmaqdan imtina edən Aqe Hareyde və köməkçisi Yon Dal Tomassonun da əvəzləyicisi tapılıb. Federasiya ölkənin ünlü futbolçularından biri Yon Yenseni iki oyunluq müvəqqəti baş məşqçi təyin edib. Ona həmyerlisi Hasse Kun kömək edəcək.

 

Qeyd edək ki, Danimarka Slovakiya ilə bu gün, Uelslə sentyabrın 9-da qarşılaşacaq. 

 

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV