Sneyder milli komanda ilə vidalaşdı

ESTAFET/ Uesli Sneyder Hollandiya millisi ilə son oyununa çıxıb. 34 yaşlı yarımmüdafiəçi yığma ilə vida matçını ötən gecə Peruya qarşı keçirib. O, bu oyunda sonuncu dəfə milli formanı geyinib.

 

Amsterdamda, “Yohan Kroyff” stadionunda baş tutan görüşə start heyətdə başlayan Sneyder 62-ci dəqiqədə əvəzlənib. O, stadiona toplaşan yerli azarkeşlər tərəfindən uzun müddət alqışlanıb.

 

Matç isə Hollandiyanın 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Karyerası ərzində “Ayaks”, “İnter”, “Real”, “Nitsa”, “Qalatasaray” kimi komandalarda top qovmuş Sneyder hazırda Qətərin “Əl-Qarafa” klubunun şərəfini qoruyur.

 

Peru ilə matç Sneyderin karyerasında millinin formasında 134-cü olub. O, bu göstəricidə rekordçudu. Uesli 2003-cü ildən oynadığı millidə 134 oyunda 31 qola imza atıb. 

Müəllif: Natiq NƏSİROV