İDMANDA DOPİNQLƏ MÜBARİZƏ HAQQINDA YENİ QANUN
ESTAFET/ Oktyabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. Komitənin sədri Fuad Muradov bildirdi ki, gündəliyə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
Komitə sədri məlumat verdi ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir. Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını, adıçəkilən yeni layihənin artıq I oxunuş üçün hazır olduğunu söylədi.
Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən Fuad Muradov qeyd etdi ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.
Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.