AZƏRBAYCANDA MİLLİ ANTİDOPİNQ AGENTLİYİ YARANACAQ
ESTAFET/ Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. İclasda müzakirə olunan bir sira qanun layihələri ilə bərabər yeni yaradılması nəzərdə tutulan Milli Antidopinq Agentliyi haqda da müzakirələr aparılıb.
İclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, hazırda nazirliyin tərkibində Antidopinq Komissiyası fəaliyyət göstərsə də, o beynəlxalq antidopinq təşkilatları tərəfindən tanınmır. Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və antidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək. Nazir bildirdi ki, yeni qanun layihəsi idmançılarımızın sağlamlığının qorunmasına xidmət edəcək. Buna görə də bu qanun layihəsinin tezliklə qəbul olunması məqsədəuyğundur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, bu komitənin üzvü Əli Hüseynli, deputatlar Ülvi Quliyev, Adil Əliyev, Şahin İsmayılov, Sevinc Hüseynova, Mahir Abbaszadə, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov və mütəxəssislər çıxış edərək qanun layihəsi ilə bağlı təkliflərini səsləndirdilər. Bildirdilər ki, qanun layihəsinin qəbul olunması idmandakı bir sıra narahatçılıqlara son qoyacaq.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda plenar iclasa tövsiyə olundu.