RAFAEL VƏ AYXAN DÜNYA ÇEMPİONATININ FİNALINDA

ESTAFET/ Avstriyanın Linz şəhərində Karate üzrə böyüklər arasında 23-cü Dünya Çempionatı davam edır.

 

Azərbaycan çempionatda böyük tərkiblə təmsil olunur. Kişilərdə kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75), Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq), kata yarışlarında isə Roman Heydərov mübarizə aparacaq. Qadınların mübarizəsində isə ölkəmizi kumitedə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abıyeva (61 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq), katada isə Neda Rezai təmsil edəcək. Bundan əlavə, həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımız kumite komanda yarışlarına da qoşulacaqlar. 

 

26 oktyabr tarixində tatamiyə çıxan idmançılarıız böyük uğurlar əldə ediblər.


Çəkisi 75 kq-adək olan döyüşçülərin mübarizəsində 4 qat Dünya və dəfələrlə Avropa çempionumuz, "karatenin Maradonası" ləqəbli Rafael Ağayev ardıcıl olaraq Qabor Harspataki (Macarıstan), Rene Smaal (Hollandiya), Seryoja Sarqsyan (Ermənistan), Dastonbek Otabolayev (Özbəkistan) və Əliəsgər Asiabari (İran) üzərində inamlı qələbələrlə adını finala yazdırıb. Finalda Rafaeli misirli gənc Omar Abdel Rahmanla döyüş gözləyir.   


85 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Ayxan Mamayev də Rafaelin uğurunu təkrar edib və Dünya Çempionatının finalına vəsiqə qazanıb. Ayxan finaladək Kolumbiya, Serbiya, Argentina və Gürcüstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə onun rəqibi yapon idmançı olacaq. 

 

3-cü yer üçün və Final görüşləri 29 oktyabr tarixində keçiriləcək.