Dünya çempionatında fərdi mübarizəyə yekun vurulub

ESTAFET/ Bakıda davam edən cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulub. Yeddinci yarış günündə qadınların mübarizəsində +78 kq, kişilərdə isə +100 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.

 

Qadınların mübarizəsində yaponiyalı Sarah Asahina finalda kubalı İdalis Ortisi məğlub edərək qızıl medalı əldə edib. Türkiyə təmsilçisi Kayra Sait, həmçinin bosniya və herseqovinalı Larisa Çeriç bürünc medal qazanıb.

 

Kişilərin yarışında isə Quram Tuşişvili qızıl medala sahib çıxıb. O, finalda Azərbaycan təmsilçisi Uşangi Kokaurini məğlub edib. Bürünc medalları isə yaponiyalı Hisayoşi Haraşava və monqolustanlı Ulzibayar Durenbayar əldə edib.

 

Kişilərin yarışında qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

 

Qeyd edək ki, dünya çempionatına sentybarın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq. 

Müəllif: Orxan NOVRUZOV