ZEYNƏB MƏMMƏDYAROVA: "QARDAŞIMLA YUXUDA ŞAHMAT OYNAYIRDIQ"

ESTAFET/ Tanınmış qrossmeysterimiz, şahmatçı Zeynəb Məmmədyarovanın femida.az saytına verdiyi geniş müsahibə (ixtisarla).

 

Həm şahmatçı, həm də bələdiyyə sədrinin müavini. İki iş bir yerdə çətin deyil?

Bu işlərin hər biri ayrılıqda çətindir. Həm professional şahmatda qala bilmək, həm də Sumqayıtlılara bələdiyyə vasitəsilə xidmət etmək çox gözəl bir duyğudur. Bu dövrdə bələdiyyənin işləri bir az çətindir. Ona görə də şahmata daha az vaxt ayırıram. Lakin mümkün qədər çalışıram ki, həm vətənimiz Azərbaycanı dünyada layiqincə təmsil edim, həm də bələdiyyə vasitəsilə xalqımıza əlimdən gələn xidməti göstərim. Bunun üçün də Bələdiyyə çox gözəl bir fürsətdir.

 

Ölkədə bələdiyyələrin fəaliyyəti ürəkaçan deyil. Sizcə, hansı islahatlar həyata keçirilməlidir?

Hesab edirəm ki, bələdiyyələrə yeni nəfəs lazımdır. Gənclərə daha çox yer vərilməlidir. Bələdiyyə verginin və torpağın üzərində qurulmuş orqandır. Vergidən isə qaçmaq olmaz. Dünyanın başqa ölkələrində olduğu kimi bələdiyyələrə maraq oyatmaq lazımdır. Bələdiyyə orqanları idman sahəsində də aktiv iştirak etməlidir. Turnirlər, yarışlar keçirməlidir. Bir dəfə türk ölkələri bələdiyyələrinin konfransında belə bir təklif irəli sürdüm və konfransda türk ölkələri bələdiyyə birliyinin başkan yardımçısı bu məsələyə müsbət yanaşdı və bu təklifin həyata keçməsinə razılıq vərdi. Lakin hələ də bu istiqamətdə bir işə başlamaq üçün bələdiyyələrimizin maddi vəziyyəti uyğun deyil.

 

Necə oldu ki, sizdə şahmata maraq yarandı?

Şahmata 10 yaşımda başlamışam. Beynəlxalq yarışlara isə çox gec qoşulmuşam. Hər gün 8-10 saat şahmatla məşğul olurduq. Hətta elə olurdu ki, qardaşımla yuxuda şahmat oynayırdıq. Yuxuda olsaq da, elə düşünürdük ki, bir-birimizi eşidirik. Səhər duranda heç nə yadımıza gəlmirdi. Ona görə deyirdim ki, bu yuxu deyildi. 

 

Maraqlıdır, nə üçün Zeynəb xanım bələdiyyə orqanında işləməyi seçdi?

2006-cı ildə övladım Elton dünyaya gəlmişdi. Onun qırxının çıxmasını gözləyirdim. Şahmat oynamadan dayana bilmirdim. Birinci həyat yoldaşımın imkanı yaxşı olduğu üçün beynəlxalq turnirlərə qatılmağa ehtiyac görmürdü. Elə oldu ki, həyatımda prioritet övladım oldu. Yarışların tez bitməsini arzulayırdım ki, evə tez qayıdım. Çünki övladımı görmək üçün darıxırdım. Beləliklə şahmata nisbətən az zaman ayırmağa başladım. Sonra isə istədim ki, doğma şəhərim Sumqayıtda bələdiyyəyə üzv olum və ətrafımızdakı insanlara daha çox yararlı olum. Artıq 3 ildir ki, Sumqayıt şəhər bələdiyyəsində sədr müavini vəzifəsini icra edirəm və düşünürəm ki, nəinki işimin öhdəsindən gəlməyi bacarıram, hətta daha çox iş görməyə çalışıram.

 

Neçə övladınız var?

Üç övladım var. Böyük övladım Eltonun 10 yaşı var. Birinci həyat yoldaşım Gülağa Qəmbərovun (Tənha) oğludur. Digər oğlum Yusif və qızım Nursina isə 2-ci evliliyimdəndir.

 

Gülağa Tənha ilə ailə həyatınız nə qədər davam etdi?

Çox az. Təqribən 1 il 6 ay.

 

Gülağa Tənha ilə necə tanış oldunuz?

Gülağa Qəmbərov xeyriyyəçi idi. O, şahmatla bağlı xeyriyyə işi görmək istəyirdi. Müsahibələrinin birində demişdi ki, o, Məmmədyarovlar ailəsinə yardım etmək istəyir. Beləcə tanış olduq.

 

Elton kimin soyadını daşıyır?

Əlbəttə ki, atasının.

 

Ümumiyyətlə övladlarınızda şahmata maraq var?

Böyük oğlum Eltonda maraq var. Zehninin inkişafı üçün məşğul olur.

 

Onların şahmatçı olmasını istəyərsiniz?

İstəyərdim. Çünki dünyada hələ şahmatın kiməsə ziyan vurduğunu nə duydum, nə gördüm. Eyni zamanda şahmat beynin gimnastikasıdır və hər bir insana həyat yolunda uğur gətirər.

 

Yaxşı şahmatçı olmaq istedad, yoxsa zəhmət tələb edir?

Şahmat bir mübarizədir. Qədim insanların heyvanlarla mübarizəsi dövründə yaranmış idman növüdür. Şahmatçılar özləri də bilmədən siyasətlə məşğul olur. Bizim kimi qrossmeysterlərin gedişinin bir neçə mənası ola bilər. Yəni zehnimiz fərqli yolları axtarıb tapa bilir. Buna görə də istedad labüddür. Amma bu idman növü böyük zəhmət də tələb edir.

 

Qeyd etdiniz ki, prezidentlə görüşləriniz olub. Heç bu görüşlər zamanı şahmat oynamısınız?

Xeyr, oynamamışam. Amma görüşlərin birində prezident İlham Əliyevə şahmat hədiyyə etmişik. Prezident hər dəfə görüşəndə bizdən hal-əhval tutur. Hətta sentyabr ayının 27-də cənab Prezidentimiz İlham Əliyevin Sumqayıt səfərində yeni tikilmiş möhtəşəm şahmat məktəbinin açılışında görüşdük və o bizə üzünü tutub gülümsəyərək dedi ki, "Mən də sizin şəhərə gəldim". Mən isə cavabımda “Yolunuzu hər zaman gözləyirik” dedim. Çünki biz Prezidentimizlə hər zaman Bakıda görüşmüşdük. İlk dəfə idi ki, Sumqayıtda görüşürdük.


Şahmat rasional düşüncə tələb edən idman növüdür. Həmin insanlar üçün sevgi fərqli anlam daşıya bilər. Sizin üçün sevgi nə deməkdir?

Bir qadın olaraq mənim üçün övladlarıma olan sevgi hər şeydən üstündür. Xarakterli və iradəli insanam. Ətrafımdakı insanları özüm seçirəm. Mümkün qədər həyatımda uzun zaman qalmayacaq insanlardan tez zamanda uzaqlaşmağa üstünlük verirəm. Həyat bunu göstərir ki, bir-birindən dünya görüşü fərqli olan insanların bir arada qalması mümkün olmur. Zaman dəyərlidir və buna görə də belə insanlardan tez uzaqlaşmaq lazımdır.

 

Kişilər ağıllı qadınlarla yola gedə bilmirlər...

Bir kişinin yanındakı qadın o kişinin səviyyəsi deməkdir. Buna görə də seçim kişilərindir.

 

Şahmat dili ilə desək həyatınızın “şah”ı kimdir?

Atam. O, gecələri yatmazdı. Atamın üç tələbəsi olub, üçü də qrossmeysterdir. O insan qarşısında hədəf qoymuşdu ki, Azərbaycanda şahmat oyununu inkişaf etdirəcək. Biz məktəbə gedəndə ikirəqəmli ədədləri vura bilirdik. Təəssüf ki, hələ də atama bir məşqçi kimi ad verilməyib. Bu yaxınlarda bununla bağlı qardaşım Şəhriyar Məmmədyarov, bacım Türkan Məmmədyarova və öz adımdan cənab prezidentimizə müraciət etmişik.

 

Şahın üstünə piyada ilə getmək necə taktikadır?

Şahın üstünə piyada ilə getmək əla taktikadır. Həyatda piyada kimi doğuluruq. Hamımızın şah olmaq imkanımız var. Piyada doğulsam da, daim irəli getmək haqqında düşünürəm. Mən şahmatın sayəsində həyatımda nə vaxt hansı gedişləri etməyin vaxtını bilirəm. Əgər mənim piyadam yolun sonuna çatar və o vəziyyətdə mənə top lazım olarsa , mən piyadamı vəzirə deyil topa çevirirəm. Çünki, o vəziyyətdə piyada vəzirə çevrilərsə, rəqib şah mat olmayacaq və oyunu qazana bilməyəcəm.

 

Azərbaycanda ən yaxşı qadın şamhatçı kimdir?

Əlbəttə ki, mən (gülür)...

 

Bəs, Aynur Sofiyeva? Aynur xanımla şahmat oynamısınız? Oynasanız, kim qazanar?

Xeyr, oynamamışam. Oynasaq, zənnimcə mənim qalib gəlməyimə daha çox şans var (gülür). Çünki Aynur xanım uzun zamandır, şahmatdan uzaqlaşıb. Şahmat zehni oyundur və müəyyən zaman fasilədən sonra bu idman növü ilə məşğul olmaq çətinləşir. Aynur xanım yüksək insani keyfiyyətlərə sahib qadındır. Onun insanlığı, qadınlığı, analığı şahmatda əldə etdiyi nəticələrdən qat-qat yuxarıdır.

 

İstər şahmat, istərsə də digər idman növləri ilə məşğul olan şəxslər müəyyən uğur qazandıqdan sonra vəzifə tutmağa meyilli olurlar. Bu nədən qaynaqlanır?

Bu, bütün dünyada belədir. Məsələn, mənim müxtəlif ölkələrdən şahmatçı dostlarım var və onların biri Latviyada iqtisadiyyat naziri, digəri isə Serbiyada idman naziridir. Digərləridə müxtəlif yüksək vəzifələrdə çalışırlar. İdmançılar dünyanın hər yerində yüksək qiymətləndirilir. Dünyada bir prezidentlər, bir də idmançılar üçün bayraq qalxır. İdmançılar sülhsevər insanlardır.

 

Fikrimcə, idmançıya elm xadimindən yüksək qiymət vərilirsə, bu ədalətsizlikdir. Bəs, sizcə?

Həmişə düzgünlük tərəfdarı olmuşam. Baxır, hansı elm sahibi. Sözsüz ki, dünyaca məşhur elm xadimlərimiz var və onların qazancı heç də dünyaca məşhur idmançılarımızdan geri qalmır. Amma nəzərə almaq lazımdır ki, bizdə olimpiya çempionunun, dünya çempionlarının Azerbaycan adından dünyaya verdiyi töhfələri daha çoxdur.

 

Şahmat fəlsəfi oyundur. Sizin fəlsəfə elminə marağınız hansı səviyyədədir?

Fəlsəfəyə münasibətim əladır.

 

Əsasən, hansı filosofları oxuyursunuz?

Konkret filosofları sadalamaq istəmirəm. Amma ümumilikdə fəlsəfi fikirləri sevənəm. Sözümü filosofların fikri ilə çatdırmağı sevirəm. O zaman qarşımdakı insanlar məndən daha az inciyir.

 

Rasional düşüncəli insanlar adətən ateist olur. Bəs, siz?

Mən həddindən artıq Allaha inanan insanam. Həyatımda hər şeyi Allahın etdiyini düşünürəm. Nəinki düşünürəm, hətta bunun sübutunu da görürəm. Əsasən yəhudi şahmatçılar ateist olur. Hesab edirəm ki, İslam dini nə vaxtsa inkişafının zirvəsinə çatacaq. Bu həyat isə bizlər üçün bir sınaq, imtahandır. Sözsüz ki, əsas keyfiyyət vicdanlı olmağı bacarmaqdır. Hər kəsin vicdanı var, ancaq hər kəs vicdanını ayrı səviyyədə yükləyir. Mümkün qədər yükümü az saxlamağa çalışıram.

 

Nəyəsə peşman olmusunuz?

Heç vaxt peşman olmamışam. Yəni peşman olmaq mənə yad xüsusiyyətdir. Qeyd etdiyim kimi insan vicdanla hərəkət edərsə, peşman olmaz. Birdə ki hər zaman insanın qarşısına yol ayrıcları çıxır. Seçimi biz özümüz edirik.Ya peşmançılığı seçirik, ya da digər yollardan birini.

 

Özgür qadınsınız?

Həddindən artıq müstəqiləm. Atam məni əzimkar, iradəli böyütmüşdü. Öz qərarlarımı özüm verirəm.

 

Özünüzdən razısınız?

Daha doğrusu, özümə, bacarığıma və ağlıma güvənən bir insanam.

 

Ailənizdə şahmatı ən yaxşı kim oynayır?

Əlbəttə ki, qardaşım Şəhriyar Məmmədyarov. O, dünyanın ən yaxşı dördüncü şahmatçısı olub, hazırda da dünyanın top 10-da olan elitar şahmatçımızdır. Dünyada qalib gəlmədiyi şahmatçı yoxdur!

 

Qardaşınızla eyni xasiyyətə maliksiniz?

O daha çox uduzmağı sevmir, mən isə nisbətən daha rahat uduzmaqla barışıram. Yəni qardaşım uşaqlıqda uduzmamaq üçün cığallıq belə edərdi. Yəqin ki bu xüsusiyyəti onu şahmatda daha irəli apardı.

 

Şəhriyar sizinlə birlikdə qalır?

Bəli, qardaşım bizimlə qalır. Bacım, qardaşım, atam bir evdə yaşayırıq.

 

Çətinliyə düşmüsünüz?

İndiyə kimi çətinlik nədir, görməmişəm.

 

Bəs, sizin üçün çətinlik nədir?

Çıxış yolu tapa bilməmək.

 

Bütün əzizlərinizi itirsəniz, intihara cəhd edərsiniz?

Allaha həddindən artıq inandığıma görə heç vaxt bu yola əl atmaram. Yəni tək qalsam belə, bu, mənim üçün intihara səbəb ola bilməz. Allah necə istəyərsə, nə məsləhət bilirsə elə də yaşayaram.

 

Qardaşınızı məğlub etmisiniz?

Bəli, olub. Şahmata təzə başlayanda ailəmizdə ilk ən yüksək nəticəni mən göstərmişəm. O zaman 12 yaşlı qızlar arasında Fransada keçirilən Avropa çempionatında yarışda iştirak etdim və 3-5 ci yerləri bölüşdürdüm. Söhbət 1995-ci ildən gedir. O zamanlar Şəhriyardan güclü idim. Lakin Şəhriyar dünya səviyyəsində şahmatçı olduqdan sonra onunla rəqabət aparmaq nəinki mənə, dünyada heç bir qadına müvəffəq olmayıb. Ən yaxşı halda heç-heçe edə bilərik.

 

Hamı Teymur Rəcəbovu qapalı insan kimi tanıyır. Ona münasibətiniz necədir?

Onunla çox yaxşı əlaqələrimiz var. Yoldaşı Elnarə ilə münasibətim lap əladır. Teymur bir az qapalı insandır. İnsan nə qədər ünsiyyətdən uzaq olur, onu yaxından tanımaq çətin olur və bu da şahmatçını tanımadığı bir rəqibdən çəkinməsinə səbəbdir. Ancaq uzun illərdir ki, milli komanda olaraq çox yarışlarda birgə səfərlərimiz olub və artıq bir-birimizi yaxşı tanıyırıq və dostca hörmətimiz var.

 

Xatırlamaq yaxşı olardı. Vüqar Həşimovla bağlı hansı xatirələriniz olub?

Vüqar əla insan idi. Çox xatirələrimiz var. Qardaşımla yaşıd idi. Vüqarla çoxlu yarışlara qatılmışam. Həddindən artıq mehriban və gülərüz oğlan idi. Vüqarın atası hərbçi olub. Ciddi rejim sayəsində övladları bu gün də həyatda uğurlu insandırlar. Ancaq bu ciddiliyə baxmayaraq Vüqarın üzü həmişə gülərdi. Bu, Allah vergisi idi. Mənim maşınımda hələ də onun şəkli var. Vüqar bu dünyada iz qoyub getdi. Azərbaycan şahmatında ən böyük nəticə onun adı ilə bağlıdır. Çox mübariz insan idi. Xəstəliyinə görə yarışlarda ara-sıra əziyyət çəkərdi. Onu nə unutmaq mümkündür, nə də sevməmək...


Heç ölüm haqqında fikirləşmisiniz?

Həddindən artıq. Mənim üçün əsl həyat öləndən sonra başlayacaq. Ona görə də çalışıram ki, bu həyatda səhvlər etməyim. Axirətə inanıram.

 

Sizin üçün xoşbəxtlik nədir?

Övladlarım mənim xoşbəxtliyimdir.

 

İstənilən ölkədə aşağı, orta və yuxarı təbəqəli insanlar var. Siz özünüzü hansı təbəqədə görürsünüz?

Orta təbəqə.

 

Dünyanın müxtəlif ölkələrində olmusunuz. Azərbaycan insanının əsas çatışmazlığı nələrdir?

Əsas çatışmazlıq təhsilə marağın az olmasıdır. Vətəndaşlarımızın təhsilə maraq səviyyəsi qalxsa, düşüncə tərzimiz də düzələr. Paxıllıq, qeybət etmək yerinə yeni bir ideya yaratmağa zaman ayırarıq. Dövlətdən nəsə ummaq əvəzinə, dövlət üçün çalışarıq. Yaşamaq, yaratmaq lazımdır, yaşayıb ölmək yox.

 

Övladınız hansı məktəbdə təhsil alır?

Fikrimcə, yaxşı məktəbdə, universitetdə oxumaq yaxşı təhsil almaq anlamına gəlmir. Təhsil evin içində olur. Əgər kitab, mənbə varsa, onu Avropada da oxuya bilərsən, Bakıda da. Mənim övaladım Sumqayıtda orta məktəblərin birində təhsil alır.

 

Ata yurdunuz Zəngilanı necə xatırlayırsınız?

Zəngilanı məndən çox yuxuda görən yoxdur. 1983-cü il təvəllüdəm. Hər il 25 mayı gözləyirdik ki, dərslər bitsin və Zəngilana gedək. Rayon işğal olunana qədər hər ilin 3 ayını Zəngilanda qalırdıq. Körpəliyimdə bir il nənəmlə birlikdə yaşamışam. Kənd həyatına çox bağlı insanam. Qanadım olsa, uça-uça Zəngilana gedərəm.