Tarmenxan Babayev Olimpiya Oyunlarında gümüş medal qazandı
ESTAFET/ Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir. Bu gün oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.
Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub.
Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.
Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Qeyd edək ki, 2002-ci il doğumlu Tarmenxan Babayev yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.