"Çalışdım ki, var gücümü ortaya qoyum": Tarmenxan Babayev

ESTAFET/ Xəbər verdiyimiz kimi, Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Olimpiya Oyunlarında dünən Azərbaycan növbəti medalını qazanıb. Belə ki, Olimpiadanın ağır atletika yarışlarında oğlanların 85 kq çəki dərəcəsində təmsilçimiz Tarmenxan Babayev gümüş medala sahib oldu. Yarışdan sonra Olimpiya mükfatçımız federasiyanın saytına öz fikirlərini belə izah edib: 

 

“Yarışa çox yaxşı hazırlaşmışdım, körpücüyə də qələbə üçün çıxdım. Olimpiada ciddi turnirdi və burada istənilən nailiyyət böyük əziyyət hesabına başa gəlir. Yarışın özü də yaxşı keçdi. Ümidim Vətənə qızıl medalla qayıtmaq idi amma gümüş medalla kifayətləndim. Qeyd etmək lazımdı ki, rəqiblərim də güclü idi. Mənə yalnız sona qədər mübarizə aparmaq qalırdı. Çalışdım ki, var gücümü ortaya qoyum. Olimpiya Oyunlarında fəxri kürsünün ikinci pilləsinə qalxdım. Çox gözəl hisslərdir. Ölkəmi layiqincə təmsil etdiyimə, evə medalla döndüyümə görə çox şadam. Şükürlər olsun ki, uzun müddətdir keçdiyimiz məşqlər, çalışmalar öz bəhrəsini verdi. Bu uğurda əziyyəti olan hər kəsə, məşqçi-müəllimlərimdən tutmuş rəhbərliyə qədər hər kəsə minnətdarlığımı bildirirəm”. 

Müəllif: Natiq NƏSİROV