Kamran Nəbizadə IWF prezidenti ilə görüşüb
Mayın 11-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Məhəmməd Caludla görüşüb. Söhbət zamanı qurumlar arasında münasibətlərin, dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi müzakirə edilib, gələcəyə ümidlə baxıldığı ifadə edilib. Qeyd olunub ki, son zamanlar AAF tərəfindən aparılan işlər ağırlıqqaldırmanın həm Azərbaycanda, həm də beynəlxalq arenada inkişafına öz müsbət töhfəsini verməkdədir. AAF-ın vitse-prezidenti Firdovsi Umudov bu idman növünün tərəqqisi istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqinin vacibliyini vurğulayıb, müvafiq addımların atılmasının zəruruliyini bildirib.
AAF rəhbərliyinin dəvəti ilə təşkil olunan səfər zamanı Məhəmməd Caludun Azərbaycanda ağırlıqqaldırma infrastrukturu - ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandalarının məşq bazaları, orada yaradılan şəraitlə, həmçinin yarış və digər ağırlıqqaldırma məkan və zalları ilə tanışlığı nəzərdə tutulub. Görüşlər zamanı ağırlıqqaldırma idman növündə elmi tərəqqinin tətbiqi, bilavasitə məşqçilərin, texniki rəsmilər və tibb personalının hazırlanması və təcrübələrinin artırılması, yarışların beynəlxalq səviyyədə təşkilinin təşviqi və digər məsələlər danışılacaq.