"Qəbələ" növbəti mərhələ arzusunda

ESTAFET/ “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb. UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsinin oktyabrın 24-də keçiriləcək “Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb.

 

Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında baş tutacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Xatırladaq ki, komandalar arasında ayın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ, cavab oyunu

24 oktyabr 2018

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan)

Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova)

Tiraspol. “Şerif” stadionunun kiçik arenası

İlk oyun – 1:1

 

Müəllif: Natiq NƏSİROV