Karateçilər təlim-məşqlərə yollandı
ESTAFET/ 5-11 noyabr tarixlərində ispaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatına hazırlıqları davam etdirən milli komandamız Şamaxıya təlim-məşqlərə yola düşüb.
Milli komandaların baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına 15 idmançı cəlb olunub.
Şamaxı Olimpiya İdman kompleksində son hazırlıqlarda Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (ikisi də 67 kq), Rafael Ağayev (75 kq), Turqut Həsənov və Pənah Abdullayev (ikisi də 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (üçü də +84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.
Karateçilərin təlim-məşq toplantısı bir həftə davam edəcək. Milli komanda 3 noyabrda dünya çempionatına yollanacaq.