"Komandamız daha da yaxşı olacaq": Şaban Donat

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı sona çatıb. Yunan-Roma güləşi üzrə yığmamızın mundial qazancı 1 qızıl və 1 bürünc medal olub. Millimizin baş məşqçisi Şaban Donat komandanın çıxışı ilə bağlı AGF-nin saytına açıqlama verib:


"Şadam ki, 55 kq-da Azərbaycanın himnini səsləndirdik. Eldəniz Əzizli öz sözünü söyləyərək qızıl medal qazandı. Bilirdik ki, bizim üçün hər şey çətin olacaq. Bəzi çəkilərdə dəyişikliklər etməli olduğumuzu gördük. Çox güclü dünya çempionatı keçdi. Güləşçilərimiz çətin səbətə düşdü. Ən əsas gələn il Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatına yaxşı hazırlaşıb, Olimpiadaya vəsiqə qazanmaqdır.


Hakimlərin bəzi qərarları mübahisəli oldu. Buna baxmayaraq, daha güclü olmalıyıq. Bu, güləşdir. Məncə, daha iki medal qazana bilərdik. Elvin Mürsəliyev və Kamran Məmmədovun təsəlliverici görüşlərində hakim səhvləri oldu. Komandamız daha da yaxşı olacaq. Heyətdəki gənclərin uyğunlaşma prosesini geridə qoyması zaman tələb edir. Qızıl medal qazanmaq istəyiriksə, hakimi də, rəqibi də udmalıyıq. Gələn il çoxlu yarış olacaq. Ancaq ən əsas turnir Astanadakı dünya çempionatıdır. Oraya ən yaxşı heyətlə, ən güclü güləşçilərlə gedib, uğur qazanmaq istəyirik". 

Müəllif: Natiq NƏSİROV