QİTƏLƏRARASI KUBOK: ALROSA-2016
ESTAFET/ Moskvada güləş üzrə Qitələrarası Kubok - UWW Alrosa Kuboku turniri keçirilib. Komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparır. Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak edirdi.
Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla B yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşıblar. Görüş 3-3 hesabı ilə başa çatsa da, texniki xalların üstünlüyünə görə meydan sahibəri Kuboka sahib çıxıblar.
57 kq: Azamat Muskayev - Mahir Əmiraslanov 1:2
65 kq: Anzor Zakuyev - Teymur Məmmədov 1:2
74 kq: Tajudin Akayev - İsmayıl Abdullayev 5:0
86 kq: Arsenali Musalaliyev - Murad Süleymanov 2:3
97 kq: Yuriy Vlasko - Maqomedrasul Qazimaqomedov 4:1
125 kq: Pavel Krivtsov - Alimaqomed Alixmaev 4:2
Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı ilə məğlub olsa da Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı qələbə ilə ayrılıb. Dairəvi mübarizə sisteminin ən yaxşı iki komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən qarşılaşıb. Kişilərdə olduğu kimi, burada da görüş 3:3 hesabı ilə başa çatsa da xalların keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib olub. Qeyd edək ki, Azərbaycan 69 kq çəki dərəcəsində idmançı ilə təmsil olunmadığından, meydan sahibləri avtomatik olaraq, görüşə 1-0 hesabı ilə öndə başlayıblar.
48 kq: Nadejda Sokolova - Patimat Baqomedova 6:6
53 kq: Ekaterina Poleşuk - Leyla Qurbanova 9:0
58 kq: Veronika Çumikova - Tatyana Omelçenko 1:6
63 kq: Anjela Fomenko - Elmira Qəmbərova 10:0
75 kq: Darya Şisterova - Elis Manolova 2:3
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus komandası ilə qarşılaşıb. 2:4 hesabı ilə uduzan yığmamız digər qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3 olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn güləşçilərimiz turnirin bürünc mükafatına layiq görülüb.