"Etiraf edim ki, “Zirə” bizdən üstün oynadı": Aftandil Hacıyev

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının X turu çərçivəsində “Bakcell Arena”da “Zirə”ylə qolsuz bərabərliyə imza atan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Gərgin oyun oldu. İki oyundu azlıqda mübarizə aparmalı oluruq. Əlbəttə, bu cür oyunlarda xal almağı müsbət dəyərləndirməliyəm. Ancaq etiraf edim ki, “Zirə” bizdən üstün oynadı. Ağabala və Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə qeydə alındı.

 

- Ramazanovun zədəsi ciddidirmi?
- Risk etmək istəmədik. Elə də ciddi deyil. İnanıram ki, tezliklə komandaya qoşulacaq.

 

- Ruslan da zədələndi...
- İqor Korotetskinin zədəsi daha ciddidi. Qurbanovda isə ciddi zədə yoxdu.

 

- Ardıcıl 2-ci dəfədi qırmızı vərəqə...
- Deməzdim ki, bu, intizamsızlıqdan xəbər verir. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Ötən oyunda isə ilk sarı vərəqə yox idi. Şəhriyar isə diqqətli davranmalı idi.

 

- Komanda 10 tura 6 qola imza atıb və 3-cü pillədə qərarlaşıb.
- Demək olar hər oyunda yetərincə qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, birinci nömrəylə oynamırıq.

 

- Bugünkü oyunla “Səbail” 3-cü pillədə duruş gətirəı biləcəkmi?
- Biz qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq. Əlbəttə, bizə çox çətin olacaq. Demirik ki, tutduğumuz mövqeyi qoruya biləcəyik. Lakin bunun üçün çalışacağıq.

 

- Başqa sözlə, komandanızın 1 xal qazanmasıyla razılaşırsınız?
- Bəli, bu gün 1 xalı qazandıq. 

 

Mənbə: Sport24

Müəllif: Estafet.az