GƏNC TAEKVONDOÇULAR DÜNYA BİRİNCİLİYİNƏ YOLA DÜŞÜR
ESTAFET/ 16-20 noyabr tarixlərində gənc taekvondoçular arasında dunya birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından verilən xəbərə görə, Kanadanın Burnabı şəhərində təşkil edilən birinciliyə gənc millimiz də qatılacaq.
“Serbia Open” turnirindən uğurlu nəticə ilə dönən gənclərdən ibarət milli komandamız, qısa təlim-məşqlərin ardından Kanadaya yollanır. 102 ölkədən 846 gənc taekvondoçunun mübarizə aparcağı yarışda gənc millimiz 8 oğlan və 6 qız idmançı ilə təmsil olunacaq.
Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu mundialda oğlanlardan 45 kq çəki dərəcəsində Ayaz Qəmbərli, Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıliyevaya (55 kq) güvənib. 4 gün davam edəcək gənclər arasında dünya birinciliyi Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gecə Kanadaya yollanan komandamiz 21 noyabr tarixində vətənə dönəcək.