Cavanşir Ağakişiyev Dünya Kubokunda bürünc medal qazandı

ESTAFET/ Sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən gənclər arasında Dünya Kubokunda bürünc medal qazanıb.

 

Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Cavanşir 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib. 1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesblı qələbə qazanan sablyaçımız, 1/4 finalda Honkonq idmançısı ZAU Jia Jin Kelvin Reylə görüşdən qalib ayrılıb. Ağakişiyev rəqibini 15:14 hesabı ilə üstəliyib. Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub. Beləliklə, sablyaçımız Tehranda keçirilən gənc sablyaçıların Dünya Kubokunda bürünc medala sahib çıxıb.

 

Qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Xalid Əsədov isə pley-offda Efran Şokouhiyə 10:15 hesabı ilə uduzub. 

Müəllif: Natiq NƏSİROV