Ölkənin ən güclü boksçuları müəyyənləşib

ESTAFET/ Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 28 komandanın 138 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Yadigar Əliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rövşən Yaqubzadə (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çempion tituluna sahib olublar. Elnur Süleymanov birinciliyin ən texnikalı, onun finalda məğlub etdiyi Nicat Həsənov isə ən əzmkar boksçusu adına da layiq görülüblər.

Turnirin komanda hesabında “Qəbələ” İK birinci yeri tutub. İkinci pilləyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti yiyələndiyi halda, “üçlüy”ü “Sədərək” İK qapayıb.

Çempionatda Elxan Quliyev ən yaxşı hakim, Firuz Novruzov (“Sədərək” İK) isə ən yaxşı məşqçi seçiliblər.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. 

Müəllif: Natiq NƏSİROV