Azərbaycan çempionatının açılış mərasimi keçirilib
ESTAFET/ Dekabrın 19-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Saat 16.30-da başlayan tədbirdə əvvəlcə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və bildirib ki, güləşçilərimiz həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqımızı sevindirir. İdmanın bu növü ölkəmizdə çox sevilir və populyardır. Ölkə çempionatında da rəqabət çox yüksəkdir. O, güləşçilərimizin Tokio Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirib.
Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrini icra edən Namiq Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb. AGF-nin rəhbəri Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanılan 1 qızıl və 1 bürünc medalın böyük uğur olduğunu qeyd edib. Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən N.Əliyev qaliblərin milli komandaya cəlb olunacaqlarını deyib və yarışı açıq elan edib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Qeyd edək ki, açılış mərasimi başa çatdıqdan sonra bu il dünya çempionatlarında fəxri kürsüyə qalxan yeniyetmə və gənc güləşçilərinin mükafatlandırma mərasimi keçirilib.