Dünya çempionatında bu şahmatçılarla təmsil olunuruq
ESTAFET/ 26-30 dekabr tarixlərində Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburq şəhərində şahmatın rapid və blitz növləri üzrə növbəti Dünya çempionatı keçiriləcək. Azərbaycan bu yarışda kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov, qadınlarda isə Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Günay Məmmədzadə ilə təmsil olunacaq.
Hər iki yarışın mükafat fondu 350 000 ABŞ dollarıdır. Qalib adını qazanacaq şahmatçı 60 000 dollara sahib olacaq.
Rapid
26-28 dekabr tarixlərində keçiriləcək rapid yarışlarında kişilər arasında reytinq favoritlər Maqnus Karlsen (Norveç, 2903), Hikaru Nakamura (ABŞ, 2844) və Vladislav Artemievdir (Rusiya, 2812). Şəhriyar 2786 xalla 6-cı, Rauf 2739 xalla 16-cı, Qədir isə 2732 xalla 19-cu sıradadı.
Qadınların yarışında reytinq favoritlər Anna Muziçuk (Ukrayna, 2595), Venjun Yu (Çin, 2584) və Tinqjie Leydir (Çin, 2545). Təmsilçilərimiz Gülnar 2382 xalla 23-cü, Türkan 2357 xalla 35-ci, Zeynəb 2330 xalla 39-cu, Günay isə 2261 xalla 58-ci sırada qərarlaşıb.
Blitz
29-30 dekabr tarixlərində keçiriləcək blitz yarışlarında isə kişilər arasında reytinq favoritlər Maqnus Karlsen (Norveç, 2939), Hikaru Nakamura (ABŞ, 2889) və Levon Aronyandır (Ermənistan, 2858). Şəhriyar 2754 xalla 13-cü, Rauf isə 2741 xalla 18-ci sıradadı.
Qadınların yarışında isə reytinq favoritlər Nana Caqnidze (Gürcüstan, 2580), Ekaterina Laqno (Rusiya, 2560) və Anna Muziçukdur (Ukrayna, 2559). Təmsilçilərimiz Türkan 2300 xalla 45-ci, Zeynəb 2271 xalla 50-ci, Günay isə 2256 xalla 52-ci sırada qərarlaşıb.