İlk gün Şəhriyarla Gülnar fərqləndi
ESTAFET/ Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə növbəti dünya çempionatı start götürülüb.
Səudiyyə Ərəbistanının maliyyəsi ilə keçirilən və Kral Salmanın adını daşıyan yarışın ilk günündə rapid növündə kişilər arasında 5 tur keçirilib.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlsə də, ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib. Bu nəticələrdən sonra Məmmədyarov 4 xalla 4 - 18-ci yerləri bölüşür.
Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 3,5 xalla 19-45-ci, Rauf Məmmədov 3 xalla 46-89-cu pillələrdə qərarlaşıb.
Qadınların mübarizəsində isə 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 2 qələbə, 2 heç-heçə edən Gülnar Məmmədova göstərib. O, ilk yarış günündən sonra 3 xalla 8-29-cu pillələri bölüşür. Günay Məmmədzadə 2,5 xalla 30-52-ci, Zeynəb və Türkan Məmmədyarova bacıları 2 xalla 53-76-cı pillələri bölüşürlər.
Qeyd edək ki, rapid növündə mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.