2018-ci ilin yekunları - Gimnastika

ESTAFET/ Azərbaycan Gimnastika Federasiyası (AGF) bir çox uğurları ilə yadda qalan 2018-ci ilə yekun vurdu.

Ötən il Bakıda gimnastikanın 3 növü üzrə Dünya Kuboku təşkil olundu. İlk olaraq, 25 ölkədən 100-dən çox gimnastın iştirakı ilə İdman Gimnastikası üzrə Dünya Kuboku baş tutdu. Növbəti aylarda təşkil olunmuş Bədii Gimnastika üzrə Dünya Kubokunda 26, ilk dəfə təşkil etdiyimiz Akrobatika Gimnastikası üzrə Dünya Kubokunda isə 7 ölkə iştirak etdi.

Dünya Kubokları ilə yanaşı, bu il Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “AGF Junior Trophy”, “GymBala” adlı beynəlxalq turnirlər, həmçinin Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan aerobika gimnastikası üzrə Açıq Azərbaycan Çempionatı təşkil olundu.

Bakıda ilk dəfə təşkil olunan Batut gimnastikası, İkili Mini-Batut və Tamblinq üzrə Avropa Çempionatı məhz ilin ən yadda qalan yarışlarından biri oldu. 25 ölkə, 400-dən çox gimnast, yüksək təşkilatçılıq, sinxron cütlüyümüz Veronika Zemlyanaya və Svetlana Makştaryovadan gümüş medal və nəhayət Avropa Çempionluğunu qazanan gimnastımız Mixail Malkin! Bütün bunlarla yanaşı, ilk dəfə bu çempionatda tamaşaçılara təqdim olunan “Qur-Qur” adlı talisman da turnirin əsas simasına çevrildi.

Digər Avropa medallarımız isə İspaniyadan gəldi. Belə ki, Qvadalaxara şəhərində keçirilmiş bədii gimnastika üzrə qitə birinciliyində gənclər arasında təmsilçimiz Arzu Cəlilova, qrup hərəkətləri komandalarının mübarizəsində isə beşliyimiz - Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Əhmədbəyli və Ayşən Bayramova bürünc medala sahibləndilər.

Bu turnirlərlə yanaşı, Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışları da Milli Gimnastika Arenasında baş tutdu. Oktyabr ayında Buenos-Ayresdə baş tutan Yeniyetmələrin Olimpiya Oyunlarında isə bədii gimnastımız Yelizaveta Luzan gimnastika növləri üzrə qarışıq komanda hesabında qızıl medal əldə etdi. Həmçinin, bu oyunlarda milli komandalarımızın 3 hakimi - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev hakim qismində iştirak etdilər.

Azərbaycan gimnastları bu il 1-ci “European Gym for Life Challenge” yarışında da çıxış edərək, 37 komanda arasında ən yaxşılardan biri seçilmiş və qızıl medala layiq görüldülər.

Cari ildə ilk dəfə olaraq, “TeamGym” komandamız da Portuqaliyanın Odivelaş şəhərində baş tutan 12-ci Avropa Çempionatında iştirak etdilər.

Bu il, "Challenge” seriyasına aid bütün Dünya Kuboklarında 3 top-2 iplə kompozisiyalarının yekun xallarına əsasən Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasına, həmçinin, son 2 il ərzində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə Dünya Kuboklarının tamblinq üzrə yarışlarında yekun xallara əsasən Mixail Malkinə FIG-nin xüsusi kubokları təqdim edildi.

Yarışlarla yanaşı, 2018-ci il federasiya üçün digər tədbirlərin təşkili ilə də yadda qaldı. Belə ki, bu il ərzində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının bədii gimnastika, kişi idman gimnastikası və aerobika gimnastikası üzrə məşqçilik kursları da paytaxtımızda təşkil edildi.

Dekabr ayının ilk günlərində isə Bakıda baş tutmuş FIG-nin ali orqanı olan Konqresi keçirildi. İlk dəfə ev sahibliyi etdiyimiz bu tədbirdə nə az nə çox, düz 111 ölkədən 300-dən çox gimnastika sahəsinin rəsmi nümayəndələri iştirak etdi. Konqresdə Parkur idman növünün rəsmi olaraq FIG-nin fəaliyyətinə daxil edilməsi, həmçinin gimnastikada bütün iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, İntizam və FIG-nin etika prinsiplərinin uyğunluğuna nəzarət bölmələrindən ibarət “Etika Fondu”nun yaradılması və bir sıra digər məsələlərlə bağlı FIG-nin nizamnaməsinə müəyyən dəyişikliklər olundu. Konqresdən sonra isə paytaxtımızda Parkur idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar təşkil olundu və kurslarda Azərbaycan da daxil olmaqla 13 ölkənin nümayəndələri iştirak etdilər.

Həmçinin, FIG-nin kişi və qadın idman gimnastikası üzrə, Avropa Gimnastika İttifaqının (UEG) batut gimnastikası üzrə Texniki Komitələrinin iclasları, UEG Prezident Şurasının iclası və Afrika Gimnastika İttifqanının Ümumi Yığıncağı da Bakıda baş tutdu.

Bu il, 2017-ci ilin yekunlarına əsasən Azərbaycan Gimnastika Federasiyasının aktiv fəaliyyəti FIG tərəfindən yüksək qiymətləndirilərək, “Mükafatlandırılan Federasiyalar”ın siyahısına daxil oldu və bu dəfə reytinq siyahısında ilk pillədə qərar tutdu.

Əlbəttə, federasiyanın mükafatları təkcə bununla yekunlaşmadı. Belə ki, AGF idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə Milli Olimpiya Komitəsi və AR Gənclər və İdman Nazirliyi tərəfindən mükafata layiq görüldü. Həmçinin, bədii gimnastika üzrə milli komandamızın Baş məşqçisi Mariana Vasileva “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” seçildi. “İlin ən yaxşı idmançıları” nominasiyasında 10 qalib idmançıdan biri kimi tamblinqçimiz, Avropa çempionu Mixail Malkin və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdiyinə görə bədii gimnastımız Yelizaveta Luzan da mükafatçılar sırasında yer aldılar.

İlin son günlərində isə artıq Milli Gimnastika Arenasında yarış abu-havası öz yerini əyləncəli şou tədbirlərə buraxdı. Belə ki, ötən il olduğu kimi bu il də izləyicilərə məşqçilərin ifasında “Qızıl Yaş” adlı şou təqdim olundu.

23 dekabr tarixində isə federasiya öz ənənəsinə sadiq qalaraq, gimnastika sevərləri öz başına topladı. “Ağbəniz və 7 cırtdan” nağılının motivləri əsasında hazırlanan Yeni İl şousu bütün rəngarəngliyi ilə tamaşaçılarda xoş xatirələr buraxdı.

Qeyd etməyə dəyər ki, 2018-ci ildə federasiyamız 111 ölkənin nümayəndələrinə öz qapılarını açdı.

Ümumilikdə isə bu il gimnastika növləri üzrə tədbirlərdə iştirak etmək məqsədilə 2000-dən artıq xarici nümayəndə paytaxtımıza səfər etdi.

900-dən çox xarici gimnastın öz gücünü sınadığı beynəlxalq yarışlarımızda isə bu il könüllülərin də sayı rekord həddə çataraq, 600 nəfərə qədər yüksəldi.

Bu il ərzində dünyanın müxtəlif qitələrindən olan 17 ölkəsinin 173 nümayəndəsi səmərəli təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçdi.

Milli Gimnastika Arenası isə bir il ərzində 15.000-dən çox tamaşaçını qəbul etdi.

Və nəhayət, 2018-ci ildə gimnastika növləri üzrə yığma komandalarımız beynəlxalq yarışlarda 26-sı qızıl, 15-i gümüş və 44-ü bürünc olmaqla 85 medal qazanaraq, ilə uğurla yekun vurdular. 

Müəllif: Estafet.az