Olimpiya Oyunları Rio-de-Janeyroda işsizlərin sayını iki dəfə azaldıb

ESTAFET/ 2016-cı il Yay Olimpiya Oyunları sayəsində Braziliyanın Rio-de-Janeyro şəhərində işsizlərin sayı iki dəfə azalıb.

“Report” “Insidethegames” portalına istinadən xəbər verir ki, bu barədə Braziliya institutlarından birinin apardığı iqtisadi araşdırmalara əsasən hazırladığı hesabatda bildirilir. Tədqiqatlar 2012 - 2015-ci illəri əhatə edib.

Bu müddətdə Oyunların keçirildiyi Rio-de-Janeyroda iqtisadi yüksəlişin baş verdiyi təsbit olunub. 82 faiz artımın yeni iş yerlərinin açılması sayəsində reallaşdığı vurğulanır. 2012-ci ildə işsizlərin sayı 8,1 faiz olduğu halda, 2015-ci ildə bu göstərici 4,2 faizə düşüb.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçirilib. Azərbaycan Oyunlarda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazandıb. 

Müəllif: Natiq NƏSİROV