"Antalyada daha çox oyun praktikası qazanmağa çalışırıq": Cavid Hüseynov

ESTAFET/ “Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir. “Qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov təlim-məşq toplanışı barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq. Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardır. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq”.

Təcrübəli yarımmüdafiəçi komanda daxilindəki durumu da yüksək qiymətləndirib: “Hər şey yaxşıdır. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və səylə çalışırıq. Hazırlıqla bağlı hər hansı problem yoxdur. Oyundan oyuna artırmağın üzərində çalışmalıyıq ki, mövsümün ikinci yarısının startına tam hazır olaq”. 

Müəllif: Natiq NƏSİROV