Millimiz Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək

ESTAFET/ Azərbaycanın U-21 yığması Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə çıxış edəcək. Bu haqda Ukrayna U-21 yığmasının yeni baş məşqçisi Ruslan Rotan öz ölkəsinin mətbuatına açıqlamasında bildirib.

 

Gənc mütəxəssis ənənəvi turnirdə yığmamızın da iştirakının nəzərdə tutulduğunu söyləyib: "Ukrayna Premyer Liqasında mövsüm bitəndən sonra, mayda Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə çıxış edəcəyik. Burada Azərbaycan, Kipr və İsrail komandalarının da iştirakı planlaşdırılır".

 

U-21 yığmamızın serbiyalı yeni baş məşqçisi Milan Obradoviçin futbolçu karyerasının böyük hissəsi Ukraynaya bağlı olub. Belə ki, keçmiş müdafiəçi uzun illər "Metallist"də, habelə icarədə Kiyev "Arsenal"ında çıxış edib.

 

Qeyd edək ki, millimizin Obradoviçin rəhbərliyi altında rəsmi debütü AVRO-2021-nin seçmə mərhələsinə təsadüf edəcək. Bu, iyunun 6-da Lixtenşteynlə səfər, 9-da Slovakiyayla ev qarşılaşması olacaq.  

Müəllif: Bəhruz MƏMMƏDOV