"Çalışırıq və inanıram ki, gələcək yarışlarda qızıl medal qazanacağam": Mixail Malkin

ESTAFET/ “Qalib olan idmançı dünya rekordu qırıb. Mən də yarış ərzində ikinci yerdə gedirdim”.

Bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanan Azərbaycan tamblinqçisi Mixail Malkin deyib.

Avropa çempionu olan gənc idmançı ikinci yerdə qalmaq üçün asan hərəkətlərə üstünlük verdiyini vurğulayıb:

“Gördüm ki, rəqib də asan hərəkətlər edir. Lazım olan hərəkəti etsəydim, qalib gələrdim. Çalışırıq və inanıram ki, gələcək yarışlarda qızıl medal qazanacağam”.

Malkin Dünya Kubokunun təşkilatçılığı barədə də xoş sözlər söyləyib:

“Yarış barədə hər şey yaxşıdır - təşkilatçılıq, azarkeşlər. Hamısı çox gözəldir. Amma gümüş medal mənim əhval-ruhiyyəmi aşağı saldı. Rusiyalı rəqibim güclü idi, lakin onu Avropa çempionatında məğlub etmişəm. Müəllimim məndən razıdır. Bundan sonra üç dənə də Dünya Kuboku var. Ondan sonra isə noyabr ayında Türkiyədə dünya çempionatı keçiriləcək. Onlara hazırlaşırıq. Ümid edirəm ki, orada qızıl medal götürəcəyəm”. 

Müəllif: Orxan NOVRUZOV