Məmmədəli Mehdiyev "Böyük Dəbilqə"nin qalibi oldu

ESTAFET/ Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" yarışının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub. Milli komandamızın 3 üzvü nüfuzlu turnirdə medala layiq görülüb.
Kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Məmmədəli Mehdiyev (-90 kq) Düsseldorf turnirini qızıl medalla başa vurub. Cüdoçumuz İsrail, Çin, Dominikan, Kuba, Serbiya və Yaponiya təmsilçilərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millimizin iki üzvü - Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Beləliklə Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də 4 medala sahib olublar. Yarışın ilk günü Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunub.
