Şpaqaçılarımız beynəlxalq turnirdə çıxışını başa vurub
ESTAFET/ Rusiyanın Pyatiqorsk şəhərində əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoliy Samburovoun xatirəsinə həsr olunmuş açıq turnirə yekun vurulub.
Ötən gün 2002-2005 təvəllüdlü şpaqaçı oğlan və qızlar arasında komanda yarışı keçirilib. Oğlan şpaqaçıların yarışında Kənan Məlikzadə, Raul Aruslanov və Orxan Həsənli 1/8 finalda Krasnodarı təmsil edən həmkarlarını 45:41 hesabı ilə məğlub edib. Oğlan şpaqaçılarımız 1/4 finalda Ukrayna komandasına 38:45 hesabı ilə uduzub. Şpaqaçılarımız 5-8-ci yerlər uğrunda Pyatiqorsk-3 və Pyatiqorsk-2 komandasına 45:38 hesabı ilə qalib gəlib. Oğlan şpaqaçılarımız yekunda 11 komanda arasında 5-ci olub. Qız şpaqaçılarımıza gəlincə Azərin İdriszadə, Məryəm Sadıxova,Nazilə Rəhimova və Alfiyə Abdinovadan ibarət komandamız 1/8 finalda Osetiya-2 komandasına 45:27 hesabı ilə qalib gəlib. Şpaqaçı qızlarımız 1/4 finalda Pyatiqorsk-2 komandası üzərində 45:31 hesablı qələbə qazanıb. Komandamız yarımfinalda Alaniya-3 komandasına 38:45 hesabı ilə uduzub.
Bu gün isə 2007 və daha kiçik təvəllüdlü şpaqaçılar arasında qaliblər müəyyənləşib. 76 qız, 64 oğlanın yarışdığı turnirdə Xədicə Həsənli qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Mirxətai Məmmədov qrupda keçirdiyi 6 görüşdən 2-də, Aynur Quliyeva isə 1-də qələbə qazanıb. 1/32 finalda Aynur Quliyeva osetiyalı Darya Belaya 10:12 hesabı ilə uduzub. Bu mərhələdə Xədicə Həsənli osetiyalı Lana Doquzovanı 12:0, Mirxətai Məmmədov isə digər osetiyalı idmançı Aslanbey Tatuyevi 12:1 hesabı ilə məğlub edib. 1/16 finalda Xədicə Həsənli osetiyalı SvetlanaTuskayevaya 12:7 hesabı ilə qalib gəlib. Mirxətai Məmmədov isə Krasnodar təmsilçisi Oleq Qalaşevskoya 4:12 hesabı ilə uduzub. 1/8 finalda Xədicə Həsənli rostovlu şpaqaçı Kseniya Malikovaya 6:12 hesabı ilə uduzub.