Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında yarışacaq
ESTAFET/ Martın 4-dən 10-dək Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Qitə birinciliyinin ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu məqsədlə müvafiq komandamız sabah Serbiyaya yollanacaq. Yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçisi Emin Əhmədovun rəhbərliyi altında 8 güləşçi ilin ilk ciddi sınağına çıxacaq. Heyətdə Ziyad Zeynalov (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (72 kq), Nəsir Həsənov (77 kq), Eltun Vəzirzadə (82 kq), Nəzərşah Fətullayev (87 kq), Arif Niftullayev (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Qeyd edək ki, növbəti həftənin ilk günlərində sərbəst və qadın güləşi üzrə millilərimizin heyəti də açıqlanacaq.