Gimnastlarımız 3 finalı təmin etdi

ESTAFET/ Bu gün, Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kuboku start götürüb. Yarışların ilk günü kişi idman gimnastları sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastları isə 2 alətdə müxtəlif hündürlüklü qollar və dayaqlı tullanmada öz güclərini sınayıblar.

Azərbaycan təmsilçiləri ilk təsnifat günündə 3 final mərhələsini birdən təmin ediblər. Belə ki, gimnastlarımız öz sevimli alətlərində - Marina Nekrasova dayaqlı tullanma (13.966), Murad Ağarzayev sərbəst hərəkətər (14.066), Nikita Simonov isə halqalarda (14.433) final mərhələsinə keçiblər.

Gimnastlarımızın final çıxışları 16 mart tarixində baş tutacaq.

Sabah davam edəcək təsnifat yarışlarında isə kişilər dayaqlı tullanma, dəstəli at və turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, Olimpiya Oyunları Tokioya təsnifat xarakteri daşıyan Dünya Kuboku 17 mart tarixinə qədər davam edəcək. 

Müəllif: Natiq NƏSİROV