"Bunu futbolçularımızla sorğu-sual edəcəyk": Samir Abasov
ESTAFET/ "Zirə"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXIII turunda "Neftçi"yə səfərdə 2:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. O əvvəlcə matçı dəyərləndirib.
- Məncə, iki komandaya da maraqlı oyuna görə təşəkkür düşür. Sonadək bilmirdik ki, hesab necə olacaq. Həddən artıq gərgin oyun getdi. Səhvlərin üstündə çox dayanmayaq. Bu gündən sonra bizi çətin dövr gözləyir. Bir oyunda kuboku da nəzərə alsaq, bir ayda ağır qrafikdə olacağıq.
- Əsəblər soyuyub, yoxsa içinizdə boğursunuz?
- Yox. Əsəbiləşəndə deyəndə ki, həminki Samirəm.
- Oyunun sonunda Emin Mahmudova, final fitindən sonra Baqali Daboya iradlarınızı bildirdiniz. Onlarla dialoqunuz konkret nədən ibarət oldu?
- Dabonu oyuna görə təbrik etdim, uğurlar arzuladım. Soruşsanız, bunu təsdiqləyər. Eminə etirazımı bildirdim. O, bu gün hər şey etdi ki, İkin Muradov qırmızı vərəqə alsın.
- Ehtiyat qapıçınız Orxan Sadıqlı nə etmişdi ki, ona qırmızı vərəqə göstərildi?
- Mən də görmədim. Səbəbini hakimdən soruşdum. Dedi ki, ehtiyatda olan futbolçunun meydana girməyə ixtiyarı olmadığına və etirazını bildirdiyinə cəzalandırılıb.
- Bu gün Dabo olmasaydı, nəticə fərqli olardı?
- Bu oyun Daboluq deyildi. "Neftşi" 2 qolu standart vəziyyətdən vurdu. Bu zaman yazılır ki, kim kimi tutmalıdı. Bunu futbolçularımızla sorğu-sual edəcəyk. "Neftçi"nin 2 qolunda özümüz imkan yaratdıq, futbolçularımız arasında anlaşılmazlıq oldu. Sözün açığı, fasilədən sonra 2 nəfəri dəyişmək istəyirdik. Ancaq gördük ki, Bilal Həmdi də kənara gəlib, zədəsi vardı. Həftəiçi biləcəyik ki, vəziyyəti necədi. Meydana girən futbolçular oyunun tempini artırdı. Dabonun yaxşı oynamağı bizim pis oynamağımıza görədi.
- Son 2 matçda yaxşı oynayırsınız, ancaq uduzursunuz. Bu gün "Zirə" 1 xalı haqq edirdi?
- Qış fasiləsindən sonra yalnız startda "Sabah"la qarşılaşmanı çıxmaq şərtiylə yaxşı oyunla xallarımızı qazanmışdıq. Bu gün uduzmuşuqsa, deməli, haqlı məğlubiyyətdi.