Ağakişiyev və Əhədova dünya birinciliyində çıxışını başa vurub

ESTAFET/ Polşanın Torun şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi keçirilib.

Turnirin ilk yarış günündə sablya üzrə gənc oğlan və qızlar arasında qaliblərin adlarına aydınlıq gəlib. Oğlanların yarışında ölkəmizi Cavanşir Ağakişiyev, qızlarda isə Aysel Əhədova təmsil edib.

Sablyaçılarımızdan Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vurub. Ağakişiyev 1/64 finalda Amerika Birləşmiş Ştatları idmançısı Ervin Kaiyə 7:15 hesabı ilə uduzub. Qılıncoynadanımız 150-dən çox iştirakçı arasında 76-cı sırada qərarlaşıb.

Digər sablyaçımız Aysel Əhədova isə qızların yarışında qrup mərhələsini uğurla adlayıb. Əhədova qrupda keçirdiyi 5 görüşdən 3-də qalib gəlib. Aysel 1/64 finalda Ukrayna təmsilçisi Marqarita Smirnovaya 10:15 hesabı ilə uduzub. Əhədova 120-dən çox iştirakçı arasında yekun sıralamada 66-cı olub. Dünya birinciliyinə aprelin 14-də yekun vurulacaq.

 

Müəllif: Məsim MƏSİMZADƏ