Şpaqaçılarımız ABŞ komandası ilə qarşılaşıb

ESTAFET/ Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.

Turnirin 9-cu yarış günündə şpaqa üzrə gənclərin komanda yarışları keçirilib. Ruslan Həsənov,Xalid Əliyev və Barat Quliyevdən ibarət yığma komandamız mübarizəyə 1/32 finaldan başlayıb. Bu mərhələdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan şpaqaçılarımız rəqibini 45:32 hesabı ilə məğlub edib. Kişi şpaqaçılarımız 1/16 finalda dünya birinciliyinin finalına kimi irəliləyən ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün sonunda şpaqaçılarımız turnirin reytinq favoritinə 43:45 hesabı ilə uduzub.Daha öncə isə Barat Quliyev yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Barat pley-offda Rumıniya təmsilçisi Daniel Popa üzərində 15:13 hesablı qələbə qazanıb.Quliyev 1/32 finalda Sinqapur idmançısı Li Simon Renjie ilə qarşılaşıb. Görüş sinqapurlu şpaqaçının 15:13 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komandamızın üzvlərindən şpaqaçımız Ruslan Həsənov gənclərin dünya birinciliyində yarımfinala yüksəlməklə bürünc medal qazanıb. 

Müəllif: Məsim MƏSİMZADƏ