Bakıda cüdo üzrə beynəlxalq turnir keçirilib
ESTAFET/ Bakı İdman Sarayında Vətənimizin bütövlüyü uğrunda şəhid olan, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr edilən beynəlxalq cüdo turniri keçirilib. Yarışın açılış mərasimində çıxış edənlər Aprel Döyüşlərinin Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olduğunu söyləyiblər. Natiqlər Raquf Orucov və onun kimi Vətən yolunda şəhid olmuş digər qəhrəmanlarımızın əziz xatirəsinin hər zaman yad olunacağını vurğulayıblar. Sonra komanda yarışlarının final görüşləri keçirilib. Gürcüstan komandası 1-ci, "Judo 2012" klubu 2-ci, Qroznı və Mahaçkala komandaları 3-cü yerləri tutublar. Qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunub. Qeyd edək ki, "Raquf Orucov kuboku" beynəlxalq turnirində 4 ölkədən 13 komanda mübarizə aparıb.