İlin ilk ciddi sınağından üzüağ çıxıldı
ESTAFET/ Aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı keçirildi. Pəhləvanlarımız ilin ilk ciddi sınağından üzüağ çıxmağı bacardı. Şərqi Avropa ölkəsində 4 dəfə himnimiz səsləndirildi. Ümumilikdə 13 güləşçimiz fəxri kürsüyə qalxdı. Bu da qitənin ən nüfuzlu yarışı üçün çox böyük göstəricidir. Çempionatın yekunları ilə bağlı Güləş federasiyasının saytında təhlil aparılıb.
Sərbəst güləş
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi altında Buxarestə Mahir Əmiraslanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev və Seyid Məhəmmədrza Azərşakib (125 kq) yollanmışdı. Zədəyə görə Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qitə birinciliyindən kənar qalmışdı. Bununla belə, gənclərlə təcrübəlilərin sintezindən qurulmuş komanda nüfuzlu yarışda layiqincə çıxış edərək güləş ictimaiyyətini və azarkeşləri qürurlandırmağı bacardı.
Sözsüz, bir komandanın liderləri inamlı çıxış edirsə, bu, yerdə qalanların da ümumi çıxışına və psixoloji durumuna müsbət təsir göstərir. Demək olar ki, qatıldıqları bütün yarışlarda fərqlənən Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov onlara bəslənən ümidləri tam doğrultdular. Hacı və Cəbrayıl 3-cü dəfə Avropa çempionatının baş mükafatına sahib çıxdı. Əliyevin ötən il dizindən aldığı zədədən sonra geridönüş edərək titulunu qoruması, Həsənovun 8 illik fasilədən sonra qitə çempionu olması xüsusən sevindirici məqam idi. Elə Şərifin də titul kolleksiyasını tamamlaması – dünya çempionatı və Olimpiadadan sonra Avropada da qızıl medal qazanması ən önəmli hadisələrdən biri oldu. Beləliklə, Şərifov ən vacib 3 titula yiyələnən ilk güləşçimiz kimi adını idman tariximizə yazdırdı.
Bu yarışda Ağahüseyn Mustafayevin ardıcıl 2 dünya çempionuna qalib gələrək finala yüksəlməsi, Mahir Əmiraslanovun əla güləş texnikası nümayiş etdirərək bürünc medal qazanması da yaddaşlara həkk olundu. Kim bilir, bəlkə püşk “amansız” olmasaydı, Nurməhəmməd Hacıyev də finala qədər irəliləyə bilərdi. Hər halda, ilk görüşdə olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gələn yığmamızın üzvünün 3-cü yeri tutması kifayət qədər yaxşı nəticədir. Qazanılan uğurda Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyevin mənəvi dəstəyinin, eləcə də vitse-prezident Firdovsi Umudovun tribunadan verdiyi tövsiyələrin də rolu danılmazdır.
Beləliklə, yığmamız 3 qızıl, 1 gümüş və 2 bürünc medalla 145 xal topladı və komanda hesabında Avropa 3-cüsü oldu.
Qadın güləşi
Qadınlardan ibarət millimiz Rumıniyaya kapitansız yollanmışdı. Yığmanın lideri Mariya Stadnik (50 kq) ilin əvvəlində keçirdiyi cərrahiyyə əməliyyatından sonra tam bərpa olunmadığı üçün bu dəfə qitənin ən nüfuzlu yarışını buraxmalı oldu. Gözləmək olardı ki, Stadnikin yoxluğunda baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun rəhbərlik etdiyi heyət zəif təsir bağışlayacaq. Ancaq biz əksini gördük. Bu dəfə liderlik funksiyasını Elis Manolova (65 kq) öhdəsinə götürdü. Ötən il Kaspiyskdə gümüş medalla kifayətlənən güləşçimiz bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla karyerasının ən böyük uğuruna imza atdı. Elisin xüsusən yarımfinal və final qarşılaşmaları unudulmaz keçdi. Manolova əvvəlcə dünya və ikiqat Avropa çempionu Petra Ollidən Kaspiyskdəki məğlubiyyətin revanşını alaraq finala yüksəldi. Həlledici qarşılaşmada isə hakimlərin yerli güləşçiyə simpatiyası da Elisin qarşısını kəsə bilmədi. İnanılmaz əzmkarlıq və əsl güləşçi xarakteri nümayiş etdirərək son saniyələrdə hesabda önə keçən Manolova Buxarestdə 4-cü dəfə himnimizin səsləndirilməsinin səbəbkarı oldu.
Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medal sevinci yaşadı. Rumıniyaya 10 çəkidən 8-də və lidersiz yollanan yığmamızın 4 medal qazanaraq 71 xalla 4-cü yeri tutmasını alqışlamağa dəyər.
Yunan-Roma güləşi
Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriətidən (130 kq) ibarət heyət Avropa çempionatında çıxış etdi. Bu yığmamızın da heyəti optimal deyildi. Dünya çempionu Rəsul Çunayevin yoxluğu, son anda 67 kq-da Kərim Cəfərovla Elman Muxtarovun zədələnməsi (hər ikisi bu çəkidə son Azərbaycan çempionatının finalçıları idi) müəyyən qədər təsirini göstərdi. Komandamız ötən il 5 medal qazanmışdısa, bu dəfə 3 medal əldə etdi. Eldəniz Əzizli və Taleh Məmmədov “bürünc”ə yiyələndi. Finaladək irəliləyən İslam Abbasov yalnız ukraynalı dünya və Avropa çempionu, Olimpiadanın gümüş medalçısı Jan Belenyuka uduzmaqla gümüş medalı boynundan asdı. Ancaq gənc güləşçimiz finala gedən yolda rusiyalı olimpiya çempionuna, ardınca erməni dünya və Avropa çempionuna qalib gəlməklə diqqətləri üzərinə çəkdi və azarkeşlərin rəğbətini qazandı. Yeri gəlmişkən, bu yarışda təkcə İslam yox, Taleh, Orxan, Hacı və Ağahüseyn də erməni rəqiblərinə qalib gələrək düşmən ölkəyə gözdağı verdi.
Xatırladaq ki, “klassiklərimiz” yekunda 76 xalla Avropa üçüncüsü oldu.
Yekun nəticə
Yuxarıda da qeyd etdiyimiz kimi, güləşçilərimiz bu Avropa çempionatında ümumilikdə 13 medal əldə etdi. Bunlardan 4-ü qızıl, 2-si gümüş, 7-si isə bürünc oldu. Ölkəmiz medalların sayına görə üçüncü, əyarına görə isə Rusiya, Türkiyə və Ukraynadan sonra 4-cü oldu. Bu yerdə bir məsələni mütləq vurğulamalıyıq. Rumıniyadakı yarışa maraq çox böyük idi. Çünki bu AÇ iyunda Minskdə keçiriləcək ikinci Avropa Oyunlarına lisenziya xarakteri daşıyırdı. Təsadüfi deyil ki, ötən il Kaspiyskdə təşkil olunan analoji yarışda 431 güləşçi iştirak etmişdisə, Buxarestdə xalça üzərinə 515 pəhləvan çıxmışdı. Belə güclü rəqabət fonunda qazanılan 13 medal kifayət qədər yüksək nəticə kimi qiymətləndirilməlidir.
Beləliklə, Buxarestdəki çıxışın yekunu olaraq sərbəst güləşdə Avropa Oyunlarına maksimum sayda – altı (57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125 kq) lisenziya qazanıldı. Qadınlarda (50 kq, 57 kq, 62 kq, 68 kq, 76 kq) və yunan-Roma güləşində (60 kq, 67 kq, 87 kq, 97 kq, 130 kq) isə 5 lisenziya əldə olundu. Bu isə o deməkdir ki, Minskdə 18 çəkidən 16-sında təmsil olunacağıq.
Son olaraq, bir statistik göstəricini qeyd etmək yerinə düşər. Müstəqillik qazandıqdan sonra Avropa çempionatlarında qazandığımız medalların sayı 136-ya çatdı. Bunlardan 46-sı qızıl, 31-i gümüş, 59-u isə bürünc medaldır. Bu nəticəylə “köhnə qitə”də 8-ci yerdəyik. Bizdən öndə Rusiya, Bolqarıstan, Türkiyə, Almaniya, İsveç, Macarıstan və Ukrayna yer alıb.