Velosipedçimiz Rusiyada 7-ci oldu
ESTAFET/ Bu ilin iyulunda Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə oğlan və qızlardan ibarət yığma komandalarımız baş məşqçi Əbülfəz Məmmədov və məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Rusiyanın Maykop şəhərində keçirilən Ümumrusiya yarışlar silsiləsində çıxışlarını davam etdirirlər. Növbəti belə yarış oğlanlar arasında kriterium növündə təşkil edilib.
30 km-lik yarışda Nofəl Nuriyev, Kamran Mirzəxanov, Nikita Sıtov, Mustafa Muxtarlı və Nurlan Əzizlidən ibarət heyətlə təmsil olunan komanda üzvlərimizdən ən yaxşı nəticəyə Nikita Sıtov imza atıb – o yekunda starta çıxan 100-ə yaxın idmançı arasında 7-ci yeri tutub.
Kriterium ötüşməsindən bir gün əvvəl 10 km məsafəyə fərdi ötüşmə yarışında da Nikita Sıtov 118 nəfər arasında 14 dəqiqə, 53 saniyə göstərici ilə 7-ci olub. Bu növdə digər idmançılarımızdan Mustafa Muxtarlı 21-ci, Kamran Mirzəxanov isə 32-ci nəticə göstərib.