Yığmanın Göygöl toplanışı davam edir

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamızın Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı davam edir.

Aprelin 24-dən startı verilən hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli, eləcə də gənclərin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi iştirak edir. Aralarında gənclərin də yer aldığı geniş heyət gündə 3 dəfə məşq edir. Gündüz fiziki hazırlığa diqqət yetirilirsə, axşam əsasən taktiki-texniki çalışmalara üstünlük verilir.

Qeyd edək ki, Göygöl toplanışı mayın 8-dək davam edəcək. Daha sonra millimiz mayın 10-dan 12-dək Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış etmək üçün Kiyevə yollanacaq.
 

Müəllif: Natiq NƏSİROV