Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar və statistika: Formula 1
ESTAFET/ "Mercedes" komandasının fin pilotu Valtteri Bottas builki mövsümdə ikinci qələbəsini Bakı Şəhər Halqasında növbəti dəfə baş tutmuş Azərbaycan Qran Prisində qazandı. Formula1.com saytında bu yarışla bağlı verilmiş maraqlı statistikanı sizə təqdim edirik:
- "Mercedes" komandası pilotları mövsümün başlanğıcında ardıcıl olaraq 4 yarışda ilk iki yeri tutmaqla 1992-ci ildə bu göstərici üzrə 3 yarışlıq uğura sahib "Williams" komandasına məxsus rekordu qırdı.
- Formula 1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə "Mercedes" komandasının pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzun müddətli qalibiyyətlər silsiləsidir.
- "Ferrari" komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarını ilk 4-lükdə bitirib. O, bu yarışların heç birində ilk 2-likdə yer ala bilməyib.
- "Racing Point" komandasının pilotu Serxio Perez bugünədək Bakıda keçirilmiş 4 yarışdan 3-də ilk 6-lığa düşüb.
- "McLaren" komandasının pilotu Karlos Saynz son üç Azərbaycan Qran Prisində yarışı ilk 8-likdə başa vurub.
- Ötən ilki Azərbaycan Qran Prisindən sonra keçirilmiş yarışlar ərzində McLaren komandasının hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnə bilib.
- Builki Azərbaycan Qran Prisi Racing Point komandasının pilotu Lens Strolun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk 10-luqda bitirərək xala yiyələndiyi 2-ci yarışdır.
- "Williams" komandası pilotlarından hər ikisi də cari mövsümdəki yarışlarda axıracan mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələnib. Bu da rekord göstəricidir.
- "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdur.
- "Haas" komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula 1 yarışlarını uğurla başa vursa da xala yiyələnə bilməyib.
- "Toro Rosso" komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş 4 Qran Pri yarışından heç birini axıracan tamamlaya bilməyib.