"...desəydilər inanmazdım": Ayxan Abbasov

ESTAFET/ "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Zirə"ylə 3:3 hesabıyla nəticələnən cavab matçından sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Oyun haqda danışmazdan əvvəl bir-iki şey xatırlatmaq istəıyirəm. Bilirdik ki, bu il Sumqayıtn 70 ilik yubileyidi. Final şəhər üçün bir hədiyyə idi ki, buna nail olmağı bacardıq. Bəlkə "Zirə"ylə çempionata başlayanda desəydilər ki, finalda oynayacasqan, ancaq "Sumqayıt"la, buna inanmazdım. Gənc mütəxəssis kimi finala çıxmağım çox sevindiricidi. Bunda bütün əziyyəti olanların hamısına minnətdaram. Bu gün qol vurmağımız lazım idi. Dünən Peyman məşqdə ağır zədələnmişdi, oynamamalı idi. Anca sağ olsun həkimlər, oyunöncəsi dedilər ki, meydana çıxa bilər. O da matçın qəhrəmanı oldu. Hər işdə bir xeyir var. Komandam finala layiq idi. Gənc futbolçulara inanmaq lazımdı. "Sumqayıt"a gələndə risk etmişdim, özümü legionersiz komandada sınamaq istəyirdim. Kollektivdə mehribanlıq, istək olarsa, nəticə qazanmaq olar. Finala çıxmağımız böyük uğurdu. Final haqda danışmaq istəmirəm. İki dəfə futbolçu kimi final oynamışam.

 

- Bu gün risk etdiniz, "Neftçi"ylə oyundan fərqli heyət oldu. Futbolda qalib heyəti dəyişməzlər prinsipi var. Qorxmursunuz ki, uduzsaydınız, qınanırdınız?

- Yox. 3 gündən bir oyuna görə proqramımız var. Düzdür, bəzən fikirləşdiklərin olmur. Kuboka görə bəzi futbolçulara istirahət vermişdim. Çünki 3 gündən bir oynamaq çətindi. Qalib heyəti dəyişməzlər fikri ilə razı deyiləm, heç vaxt inanmamışam.

 

- Avrokuboklara vəsiqə qazansanız, legioner cəlb edəcəksiniz? Rəhbərliklə bu haqda danışmısınız?

- Final bir lotereyadı. Avrokuboklar haqda hələ danışmaq istəmirəm. Çempionatda vəziyyətimiz yaxşı deyil, son pilləni tutmaq istəmirik. Ona görə də "Sabah" və "Qəbələ"ylə vacib oyunlarımız var. Mövsüm bitəndən sonra rəhbərliklə bir çox şeyləri müzakirə edəcəyik.

 

- Məşqçi kimi ilk dəfə finala vəsiqəni Zirədə qazandınız. Bu, xoş təsadüfdü, yoxsa...? Hissləriniz maraqlıdı...

- Bu otaq mənə çox doğmadı. Məşqçi kimi ilk addımlarımı Zirədə atmışam. Ancaq bu xoş anlar xatirələrdə qalır. "Sumqayıt"da yaxşı ab-hava var. İstəyirəm ki, burda da uğur qazanım, Avropaya çıxaq.  

Müəllif: Bəhruz MƏMMƏDOV