Dörd güləşçimiz Braziliyada yarışacaq

ESTAFET/ Mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.

Martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) ölkəmizi okeanın o tayında təmsil edəcək. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.

Xatırladaq ki, Portuqaliyada Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.
 

Müəllif: Natiq NƏSİROV